Ömər və Qurban qitə birinciliyinin finalında

Ömər və Qurban qitə birinciliyinin finalında

Bolqarıstanın Samokov şəhərində güləş üzrə yeniyetmələrin Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) türkiyəli Şamil Şahan (8:1), çex Simon Sritr (8:0) və macarıstanlı Benedek Tombora (9:0) qalib gələrək finala yüksəlib. Həmyerlimiz sabah həlledici görüşdə rusiyalı Artyom Tkaçenkoyla güləşəcək.

Qurban Məcnunov (55 kq) polşalı Yakub Şkripçak (9:0), gürcüstanlı Giorgi Kedelidze (5:3), ukraynalı Rəhman Həmidov (11:2) və norveçli Əbu Bakar Saqaya (9:0) qalib gələrək adını finala yazdırıb. Güləşçimiz sabah çempionluq uğrunda son qarşılaşmada rusiyalı Ədəm Payziyevlə mübarizə aparacaq.

Orxan Həbibli (65 kq) bolqarıstanlı Antoan Tsvetanovu (7:1) yarışdan kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Aslan Dzuevə 4:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü sabah təsəlliverici görüşə çıxacaq. Rəqib Dionisios Bulutidis (Yunanıstan) – Qabriel Lunqu (Rumıniya) qarşılaşmasının qalibi olacaq.

Zəka Yusubov (80 kq) rumıniyalı Robert Kukiureana (8:0) və rusiyalı Yeqor Kuropiatnikova (7:6) qalib gəldikdən sonra 1/4 finalda ukraynalı Danyil Melniçuka minimal fərqlə məğlub olub – 3:4.

Məhəmməd Mustafayev (110 kq) debütdə ukraynalı Maksim Sokolyuka müqavimət göstərə bilməyib – 0:9.

Həmin kateqoriyadan