Erməni azarkeşlər Çingiz Öndərin transferinə qarşı çıxdılar

Türkiyə milli komandasının futbolçusu Çingiz Öndərin ABŞ-nin “Los-Anceles” klubuna transferi erməni azarkeş qrupu “Los Armenios”un etirazına səbəb olub.

Allsport.az xəbər verir ki, MLS təmsilçisinin türk yarımmüdafiəçiyə olan marağı mətbuata sızdığı zaman azarkeş qrupu sosial şəbəkə hesabında açıqlama yayıb. Onlar klubun prezidenti Con Torrinqtonun anasının da erməni olduğunu vurğuladıqları açıqlamada bu cümlələri də qeyd ediblər:

“LAFC-nin sadiq pərəstişkarları və Los-Ancelesdəki erməni icmasının qürurlu üzvləri olaraq, klubun türk futbolçu ilə müqavilə imzalamağı planlaşdırdığına dair xəbərlər bizi dərindən narahat edir. Ermənilərin yaşadığı ağrılı tarixi reallıqları nəzərə alsaq, belə bir addım Los-Ancelesin ən sadiq və fədakar icmalarından birinin dəyərlərinə birbaşa hörmətsizlik kimi qiymətləndiriləcək. Los Anceles dünyanın ən böyük erməni diasporunun məskənidir və LAFC oyunlarında iştirakımız komandaya və sevdiyimiz şəhərə dəstəyimizin sübutudur. Klubun rəhbərliyi bu transferi həyata keçirərsə, azarkeş qrupumuzun bir çox üzvü mövsümü boykot edəcək”.

“Los Armenios” bu paylaşımı qısa müddət sonra sildiyi halda, “Los-Anceles” ötən həftə Öndəri heyətinə qatdıqlarını rəsmən açıqladı. Transferdən sonra klubun saytına açıqlama verən 28 yaşlı futbolçu bunları deyib:

“Los-Anceles” azarkeşləri qarşısında oynamaq üçün səbirsizlənirəm. Los-Anceles şəhərinin bir çox etnik mənsubiyyətə ev sahibliyi etdiyini və klubun çoxlu mədəniyyətli azarkeş bazası, o cümlədən ermənilərin də çoxluq təşkil etdiyini bilirəm. Futbolu sevən və onun birləşdirici gücə sahib olduğuna inanan peşəkaram. İngiltərə, İtaliya və Fransada oynamışam. Sevincimi və kədərimi komanda yoldaşlarım, azarkeşlərim və müxtəlif etnik icma üzvləri ilə bölüşmüşəm. Bunu Los-Ancelesdə də davam etdirəcəyəm.”

30-cu mövsümünü keçirən MLS-də indiyə qədər cəmi bir türk futbolçu çıxış edib. Bir vaxtlar “Dənizlispor” və “Manisaspor”da forma geyinən Sərcan Bilinç Güvənişıq 2012-ci ildə transfer olunduğu “San-Xose Ertkveyks”də 5 matçda iştirak edib.

“Los-Anceles” Çingiz Öndəri “Fənərbağça”dan icarəyə götürüb.

Həmin kateqoriyadan