Badminton federasiyası məşqçilərin səviyyələrinin yüksəlməsində fəaliyyətini genişləndirir

Azərbaycan badminton federasiyası (ABF), Dünya badminton federasiyası (DBF) və Avropa badminton konfederasiyası (ABK) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində, qurumun strateji planına uyğun olaraq, beynəlxalq lisenziyalı “Coaching Education Level-1” (I dərəcə) məşqçilik kurslarının təşkili və keçirilməsində mütəmadi iştirak edir.

Allsport.az saytı xəbər verir ki, məşqçilərin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq lisenziya sertifikatı əldə etməsi məqsədilə Azərbaycan millisinin baş məşqçisi Murtuza Validarvi tərəfindən cari ilin 6–9 mart tarixlərində Türkiyənin Alanya şəhərində 8 məşqçi üçün “Badminton Shuttle Time Tutor” kursu keçirilib.

Hazırda isə 14–18 aprel tarixlərində Tbilisidə “Coaching Education Level 1” üzrə növbəti məşqçilik kursu təşkil olunur. Təlimdə Azərbaycan, Gürcüstan və Latviyadan olan məşqçilər iştirak edirlər. Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvidir.

Azərbaycanı bu təlimdə Nübar Orucova, Türkan SadıqovaVaqif İsmayılov təmsil edirlər. Kurs çərçivəsində badminton üzrə məşq materialları, treninqlər, nəzəri və praktiki məşğələlər təşkil olunur. Təlimə ümumilikdə 12 badminton məşqçisi qatılıb.

“Səviyyə-1” proqramını uğurla başa vuran iştirakçılar DBF tərəfindən beynəlxalq sertifikatla təltif olunurlar. Bu sertifikat məşqçilərə dünyanın müxtəlif ölkələrində beynəlxalq standartlara uyğun badmintonçuların hazırlanması istiqamətində fəaliyyət göstərmək imkanı yaradır. Eyni zamanda, bu dərəcəsi milli komandalarda məşqçi kimi çalışmaq üçün də əsas kvalifikasiyalardan biri hesab olunur.

ABF bundan sonra da məşqçi təhsilinin inkişafı, beynəlxalq təcrübənin tətbiqi və yerli mütəxəssislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Həmin kateqoriyadan