Batı YAR
Sanki komandanın məşqçi korpusu yox idi

Milli futbol komandamızın 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində mütləq favorit İtaliya ilə ikinci görüşünü futbol ictimaiyyəti bir qədər həyəcanla gözləyirdi. Axı, bundan əvvəlki oyunlarda millimiz tam bərbad oyun tərzi ilə meydana çıxmışdı. Sanki komandanın məşqçi korpusu yox idi və onlar kimin harada və necə oynayacağını öz aralarında həll etmişdilər.

 

«Başsız atlı» bu dəfə bir qədər fərqli ovqatda meydanda idi. Komanda ilk dəqiqələrdən səlis və diqqətli oynamağa cəhd etdi. Ara-sıra müdafiə zonasında ötürmə səhvlərinə yol verilməsinin gərginlik yaradacağı bunun məntiqi davamı olmalı idi. Lakin italiyalıların da ləng oyuna üstünlük verməsi, daha çox, komandamızın xeyrinə oldu. Bu isə özünü toparlamağa imkan qazanmış komandamız üçün get-gedə inamlı oynamağa əsas verirdi. Amma bu, baş vermədi.

 

Əlbəttə, kiməsə elə gələ bilər ki, komandamız, əsasən, səlis və diqqətli oynayırdı, amma baxaq, doğrudanmı belədir? Əslində, bütün hadisələr meydanın Azərbaycan komandasına aid hissəsində cərəyan edirdi. Mərkəzdən o tərəfdə nə oyun vardı, nə də bir gərginlik yaratmaq istəyən. Cüzi təpərli komanda olsaydı, öz oyununa bir qədər sürət və temp qatmaqla rəqibin bu qədər astagəlliyinə layiqli cavab verə bilərdi.

 

Buna qədərki oyunların təcrübəsini də nəzərə alsaq, belə durum, daha çox, futbolçularımızın xeyrinə idi. İstənilən halda, mənim üçün maraqlı idi: sürət və temp artsaydı, komandamız duruş gətirə biləcəkdimi? Buna cavabı ikinci hissədə nisbətən aldım: Rauf Əliyev ilk qolun müəllifi və qapıçı Buffonla əlbir olub, topu qapı xəttindən keçirəndən sonra temp bir qədər artdı və bunun da sonu heç yaxşı olmadı: hücumçular və orta xətt oyunçuları ola-ola, matçın taleyini Kyellini təkbaşına həll etdi – hesabı açdı, bərabərləşdirdi və sonra qələbə qolunu vurdu. Qollar hamısı standart vəziyyətlərin məhsulu idi. Belə hallarda komandamızın zəifliyi əvvəldən məlumdur. Qapıçı Kamran Ağayevin ilk qolda səhvi var idisə, ikincidə ondan çox, müdafiə xəttinin oyunçularının mövqe seçə bilməməsindən, standart vəziyyətlərdə rəqibi nəzarət altına almağı bacarmamasından danışmaq lazımdır. Elə buna görə də daim belə epizodlarda gərgin vəziyyətə düşən qapıçının ilk qoldakı səhvi də gözlənilən idi.

 

Söz yox ki, belə oyunlarda milli hisslərə bürünüb-ümidlənmək üçün futbolçuların qığılcımlı oyununa bel bağlamaq olar. Çünki bu halda peşəkarlıqdan danışmaq yersizdir. Hərçənd Berti Foqts elə bilir ki, bir neçə il əvvəl biz italyanlara 5 və ya 6 top fərqilə məğlub olardıq. Söz yox ki, onun bu fikri, sadəcə, görmədiyi işlərə don geyindirmək üçün lazımdır. Matçda qeydə alınan hesabda mili komandamızın rolu elə də çox olmadı, 2:1 hesabı yalnız italyanların passivliyinin məhsuludur. Hesab 1:1 olduqdan sonra onların ətalətdən çıxıb canlanmaq istəyi və yaratdıqları epizodlar bunu deməyə əsas verir. Statistik göstəricilər də bu matçda milli komandamızın nəyəsə cəhd etdiyini əyani nümayiş etdirmir. Məğlubiyyətə gəldikdə, bəzən pis oynayıb – az fərqlə, bəzənsə yaxşı və ya lap yaxşı oynayıb – böyük fərqlə uduzmaq da olar. Bunun hansının yaxşı və xeyirli olduğunu isə hərə öz qavradığı qədər düşünə bilər.

 

Əlbəttə, milli ilə klub komandasını müqayisə etmək tam məntiqə uyğun gəlmir. Lakin «Qarabağ»la yığmaının İtaliya səfərlərinin üst-üstə düşməsi, bəlkə də, təsadüf deyildi. Xarakter baxımından, məhz yerli futbolçuların daha qabarıq gözə çarpdığı matçda Ağdam klubu, məğlubiyyət təhlükəsinə baxmayaraq, hücum etmək istəyi və bacarığı ilə diqqəti çəkdi. Çöz yox, buna nail olub-olmadığı başqa söhbətin mövzusudur. Bunda, daha çox, elə həmin əcnəbi futbolçuların vüsəti yetmədi. Amma digər məqamlarda «Qarabağ» məhz istəyi, həvəsi ilə göz oxşadı və buna görə də həmin oyun daha doğma və gözoxşayan göründü.

Həmin kateqoriyadan