Visla sahilində boğulan Azərbaycan idmanı və ya “Şefi qardaş”da niyə alınmadı

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onları təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır və dünyada tanıdır. Amma təəssüf ki, 2021-ci ilin yazında gənclər və idman naziri Azad Rəhimov dünyasını dəyişəndən sonra, Azərbaycan, zamanla ikinci yoldan da imtina etdi. Bu o demək deyil ki, nazirliyə yeni gələnlər əsas gücü qeyri-olimpiya idman növlərinə qoydular. Əksinə, kollegiyanın qərarları ilə 31 federasiyanın statusunu dayandırdılar. Bununla yanaşı, 2 ildir ölkə idmanı olimpiya proqramında dünya çempionluğuna həsrətdir. Tək təsəlli, keçən il gəlmə qılıncoynadan Anna Baştanın sablyada qazandığı gümüş medaldır.

Yeri gəlmişkən, dünən Krakovda 3-cü Avropa oyunları başa çatdı. Millimiz 100 idmançı ilə cəmi 11 mükafata yetişdi. Əyarlardan 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc oldu. Yenə də qızıllar qeyri-olimpiya növlərinin payına düşdü. Paris-2024 ərəfəsində vur-tut 4 medal olimpiya növündə qazanıldı. Taekvondoda Asiya və Afrika ölkələrini, boksda Kuba və ABŞ-ı nəzərə alsaq, bu uğuru Fransada təkrarlamağımız çətin görünür. Nəzərə alaq ki, Rusiya və Ukrayna idmançılarının əksər növlərdə çıxışı hələ də sual altındadır – açıqdır, məlum savaşdan dolayı Ukrayna komandaları yarıcandır. Bu tədbirin memarı Azərbaycan, Vətəni Bakı olduğundan, oyunların yurdumuz üçün nə qədər əhəmiyyətli olmasını anlamalıyıq.

Polşada 16 olimpiya idman növünün 9-unda yer aldıq. Fərdidə güləş, cüdo kimi aparıcı növlər, hər hansı milli oyunlar və gimnastika proqrama daxil olunmadı. Ölkə idmanı qitə miqyasında mövqeyini itirə-itirə gedir. Avropa Gimnastikasının prezidenti Azərbaycandan olduğu halda, 1 gimnastika növünün belə təmsil olunmaması heç anlaşılan deyil. Açıq görünür ki, ölkə idmanı can verir. Sistemin dağıdılması, mütəxəssislərin uzaqlaşdırılması bu sahəni iflic edib. Heç üfiqdə də sarı metalın parıltısı sezilmir. Hər gün bir addım geriləyirik. Paris-2024-də çox bəhanə tapmaq və uydurmaq olar. Amma bu gedişlə fiasko Los Anceles-2028-də də qaçılmaz olacaq. Çünki əsas diqqət görüntüyə və əyləncəyə ayrılıb. İdman öz yerini bədən tərbiyəsinə buraxaraq, həvəskar status almağa başlayıb.

Avropa oyunlarının statistikasına nəzər yetirək: Bakı-2015-də olimpiyaçılarımız 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) komanda hesabında 2-ci, Minsk-2019-da 28 medalla (5 qızıl, 10 gümüş, 13 bürünc) 10-cu olmuşdu. Krakov-2023-də isə 11 medalla (3 qızıl, 2 gümüş, 6 bürünc) 24-cü yer tutdu. Düşündürücü və rüsvayçı məqam tək bu deyil. Nə “Azərbaycan günü” ilə bağlı tədbir oldu, nə də səfirlik, dövlət diasporası və yerli “Xarı bülbül” icması ilə iş və rabitə quruldu. Polşanın 13 şəhərində keçirilən idman qurğularının heç birinin tribunasında Azərbaycan bayrağı olmadı. Necə ki, ümumi komandanın geyiminin üzərində yox idi. Nə getdi, bağdan getdi. Krakov-2023-dən Azərbaycana bu nəticə, şef de-mission Elnur Məmmədova akreditasiyasının boyunbağına düzülən döş nişanları qaldı.

Y.S. Təbii ki, uğursuzluqda əsas məsuliyyət Visla sahilinə yollanan nümayəndə heyətinin rəhbərinə düşür. “Cənab 0:8” buna öyrəncəli olduğundan, qeyri-qənaətbəxş sonluq digərləri kimi tez unudulacaq və bundan nəticə çıxarılmayacaq. Öz hesabına Krakova səfər edən bəndənizə gəlincə, digər 2 oyunlarda olduğu kimi, bacardığım qədər idmançılara dəstək verdim. Heç bir tribunada Azərbaycan bayrağının olmamasını duyunca, qılıncoynatma yarışlarının keçirildiyi 22 min tamaşaçı tutumuna malik “Tauron” arenanın media sektorunda üçrəngli ay-ulduzumuzu asmağı özümə borc bildim…

Kamran HACI

Həmin kateqoriyadan