İlk gedişi MOK-un vitse-prezidenti etdi

Azərbaycan şahmat federasiyası ilə gənclər və idman nazirliyinin birgə təşkil etdiyi açıq Bakı beynəlxalq şahmat festivalının açılışı olub. Allsport.az saytı xəbər verir ki, öncə dövlət himni səsləndirilib. Ardınca çıxış edən AŞF-nin prezidenti Mahir Məmmədov tədbirdə rekord sayda – 980 iştirakçının mübarizə apardığını bildirib.

O, Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını qeyd edib. Mahir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şahmata yüksək səviyyədə qayğı göstərildiyini vurğulayıb. Sonra 2023,2024 və 2025-ci illərdə keçirilən “Baku Open” turnirlərinin ən maraqlı anlarını əks etdirən video nümayiş etdirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanda şahmat ənənələrinin olduğunu bildirib. Nazir şahmatçıların son illər beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini söyləyib. O qeyd edib ki, prezident İlham Əliyev bütün idman növlərinə yüksək səviyyədə qayğı göstərir.

Sonda Azərbaycan şahmat turunun yeni tanıtım videosu təqdim olunub. Gənclər və idman naziri Fərid Qayıbov və Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirdə 3-cü turun rəmzi ilk gedişini edib.

Azərbaycan şahmat turunun 2026-cı ildə ilk yarışıdır. Bakıdan sonra Şəkidə beynəlxalq şahmat yarışı keçiriləcək. “Baku Open”in ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir. Yarışa mayın 6-da yekun vurulacaq.

Həmin kateqoriyadan