ATF-in yeni rəhbəri

Mayın 1-də “Azərbaycan Tennis Federasiyası” ictimai birliyinin ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyində təşkil olunan tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən nazir Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, 22 il federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova və bütün üzvlərə fəaliyyətlərinə görə minnətdarlığını bildirib.

İclasın gündəliyi təsdiq edildikdən sonra 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edilib. Hesabat səsvermə yolu ilə təsdiqlənib. Sonra ATF-in nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.

Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Nəticələrə əsasən, Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib. Əliağa Fətullayev federasiyanın birinci vitse-prezidenti, Amal Əlili, Orxan Manaflı vitse-prezidentlər, Ramiz Həmzəzadə, Ləman Əliyeva, Elvin Məsimov idarə heyətinin üzvləri seçiliblər. Daha sonra nəzarət-təftiş komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov sədr, Faiq İsmayılov və Azər İsmayılov isə üzvlər seçiliblər.

Ənvər Ənvərli çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. Yığıncaqda çıxış edən federasiyanın sabiq vitse-prezidenti Mehman Qocayev isə yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayıb.

Həmin kateqoriyadan