Bu da oldu: “Qəbələ” “Beşikdaş” fanatlarına pul verir ki, onlara dəstək olsun

“Qəbələ” rəhbərliyi Türkiyənin “Beşikdaş” klubunun dünyaca ünlü tərəfdarlarından 15-ni Azərbaycana dəvət edib. Allsport.az xəbər verir ki, məşhur “Çarşı” qrupunun üzvləri ölkəmizə “Qəbələ” tərəfdarlarına komandalarını oyunlar zamanı necə dəstəkləmək lazım olduğunu öyrətmək üçün gəliblər.

Bu işi birbaşa klubun prezidenti Tale Heydərov təşkil edib. O, Türkiyədəki dostlarının dəvəti ilə “Beşikdaş”ın ev oyunlarını izləməyə gedərkən “Çarşı”nın necə çılğıncasına komandalarına dəstək verməsinin şahidi olub və heyran qalıb. Türkiyə mətbuatının məlumatına görə, elə həmin oyunlar zamanı “Çarşı”nın “Asiya qartalları” adlı amiqoları ilə görüşüb, yaxından söhbət edib. Söhbət zamanı Heydərov həmin amiqolardan 15-ni “Qəbələ”nin oyunlarına dəvət edib.

Bu barədə qrupun lideri Sədat Özdəmir məlumat verib: “Azərbaycanlı futbolsevərlərə şüarlar səsləndirmək, komandanı daha çılğıncasına dəstəkləmək mövzusunda dərs keçirik. Həm ölkəmizin, həm də “Beşiktaş”ımızın reklamını edirik. Hər həftə Azərbaycana gedirik, matçlarda oyunçuları dəstəkləyirik. Otelimiz, səfərlərimiz, bir sözlə bütün ehtiyaclarımız klub tərəfindən təmin olunur. Futbolçular kimi astronomik transfer pulu almadıq. Amma klub prezidenti sağ olsun, bütün ehtiyaclarımızı qarşılayır, bizi pis vəziyyətdə qoymur. Biz də komanda bərabərə qalanda, qalib gələndə mükafat alırıq. Komanda məğlub olanda isə heç nə istəmirik”.

Qeyd edək ki, Türkiyə mətbuatı “Qəbələ” ilə sözügedən 15 “Beşikdaş” tərəfdarı arasında bağlanmış anlaşmanın müddəalarını da açıqlayıb. Həmin anlaşmada aşağıdakı məqamlar öz əksini tapıb:

1. İstanbuldan Azərbaycana gəlmək və qayıtmaq üçün təyyarə bileti
2. Günlük 100 dollar xərclik
3. Otel pulu
4. Yemək-içmək xərcləri
5. Komanda qalib gələndə ekstra mükafat
6. Evli amiqoların həyat yoldaşları üçün ekstra təyyarə bileti

Heydərov bu addımı atmaqda məqsədlərinin Azərbaycanda inkişaf etməkdə olan futbol mədəniyyətini rəngləndirmək olduğunu bildlirib. O, “Beşikdaş” fanatları tərəfdarlarımızla mükəmməl tandem təşkil etdilər” deyib.

Həmin kateqoriyadan