İcraiyyə komitəsində qızğın müzakirə: Edmund Klaus kimdir?

SOCAR-ın inzibati binasında AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, qurumun prezidenti Rövşən Nəcəf toplantının gündəliyi barədə məlumat verib. Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev FİFA-nın qərarına əsasən Azərbaycana həvalə edilən 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında bu il keçiriləcək ilk dünya çempionatı və festivalı barədə ümumi məlumat verib.

Ardınca ölkə futbolunda 2025/2026-cı illər mövsümünün yekunları müzakirə olunub. İcraiyyə komitəsinin üzvləri mövsüm ərzində təşkilatçılıq, yarışların keyfiyyəti və ümumi inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Yığıncaqda AFFA-nın yeni texniki direktoru Edmund Klaus təqdim olunub. O, gənclərin inkişafı, akademiya quruculuğu və idarəetməsi, təhsil və metodologiya, həmçinin skautinq sahəsində geniş təcrübəyə malikdir. Xüsusilə Niderlandın “Ayaks” akademiyasındakı fəaliyyətinin, həmçinin Niderland və Çində müxtəlif yaş qrupları üzrə milli komandalardakı təcrübəsinin Azərbaycandakı işinə mühüm töhfə verəcəyi vurğulanıb.

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov yeni yaradılmış futbol inkişaf departamentinin fəaliyyəti və 5 ulduz modeli üzrə akademiyaların sertifikatlaşdırma qaydaları ilə bağlı məlumat verib. Növbəti mövsümdən etibarən tətbiq olunacaq qaydalar ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra baş katib Cahangir Fərəcullayev premyer liqa klublarına qrant müqaviləsi əsasında uşaq və yeniyetmə futbolunun inkişafı üçün ayrılan maliyyə yardımından istifadə qaydaları və nəzarət mexanizmi barədə yeni yanaşma barədə məlumat verib. Səsverməyə qoyulan məsələ icraiyyə komitəsi tərəfindən qəbul edilib.

İclasda həmçinin elit məşq layihəsi üçün təklif olunan yeni format müzakirə olunub. İcraiyyə komitəsinin üzvlərinin qeydləri əsasında, layihənin təkmilləşdirilməsi ilə bağlı tapşırıq verilib.

Həmin kateqoriyadan