“Qəbələ” Polşa klubu ilə görüşə hazırdır

“Qəbələ” yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Sloveniya toplanışının 14-cü gününü başa vurub. Komanda günü bir çalışma yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi ilə keçən hazırlıq günün 2-ci yarısında baş tutub. Öncə fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu çalışmaları icra edib.

“Qəbələ” iyulun 4-də növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Polşanın “Krakoviya” klubu ilə qarşılaşacaq. Görüş Beltintsidə baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da veriləcək.

Əsası 1906-cı ildə qoyulan “Krakoviya”nın 112 yaşı var. Krakov şəhərini təmsil edən komanda Polşa çempionatının son mövsümünü 9-cu pillədə başa vurub. “Krakoviya”nın tarixində bir sıra nailiyyətlər də var. “Qəbələ”nin rəqibi 5 dəfə ölkə çempionu (1921, 1930, 1932, 1937 və 1948) adını qazanıb. Krakovluların hesabında çempionatın 2 gümüş (1934, 1949) və 2 bürünc (1922, 1952) medalı da var. 3 dəfə avrokuboklara qatılan “Krakoviya” UEFA İntertoto kuboku və UEFA Avropa Liqasında ümumilikdə 10 oyun keçirib.

Xatırladaq ki, “Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. “Qırmızı-qaralar” Albaniyanın “Kukesi” (1:1) və Xorvatiyanın “Dinamo” (0:2) klubları ilə yoxlama oyununda üz-üzə gəlib.

Həmin kateqoriyadan