Qəbələdə “Live Your Goals” festivalı keçirilib

Qəbələ şəhər stadionunda FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib. Allsport.az xəbər verir ki, 109 nəfər qızın qatıldığı tədbirin mətbuat konfransında beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales, komandanın üzvləri Aysun Əliyeva, Nigar Cəlilli və Aytac Şərifova iştirak ediblər.

“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri 2012-ci ildən keçirilir. Festival həmin il martın 12-də “Dalğa Arena”da, aprelin 30-da Zaqatalada, iyunun 8-də Qubada, iyulun 28-də Şəkidə, avqustun 30-da Masallıda, həmçinin sentyabrın 18-də Bayıl stadionunda müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.

2014-cü ildə tədbir Mingəçevir və Sumqayıt şəhərlərində, bu il isə Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunub.

Həmin kateqoriyadan