“Qəbələ”nin kapitanı: Avropa liqasında yaxşı nəticə qazanmaq istəyirik

“Qəbələ”nin kapitanı Cavid Hüseynov mövsümlərarası hazırlığı dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, Sloveniya toplanışına zədə səbəbindən iyunun 27-də qoşulan yarımmüdafiəçi, hazırlıq haqda fikrini açıqlayıb:

“Zədəmlə bağlı komandaya bir az gec qoşuldum. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Futbolçular arasında mehriban ünsiyyət hiss olunur. Oyunçularla baş məşqçi arasında peşəkarlığa söykənən yaxın münasibət var. Bu da sevindirici haldır. Sənan Qurbanov daha əvvəl bir neçə oyunluq komandaya baş məşqçi kimi rəhbərlik edib. Bu dəfə onun fəaliyyəti uzunmüddətli və “Qəbələ” üçün uğurlu olacağına inanıram. Məşq də yaxşı səviyyədə keçir. Bütün oyunçuların səylə məşq etdiyi, inkişafa çalışdığı hiss olunur. Qarşıda bizi Avropa liqasının oyunları gözləyir. Bu turnirdə yaxşı nəticə qazanmaq istəyirik”.

Yarımmüdafiəçi 1-ci təsnifatda Lüksemburq “Proqres”i ilə ilk oyununa hazır olmağa çalışdığını qeyd edib: “Əsas müalicə dönəmini arxada qoymuşam. 2-3 günə komanda ilə kollektiv çalışmalara qoşulacam. “Proqres”lə ilk görüşdə iştirak edib-etməyəcəyim hələ dəqiqləşməyib. Zədədən sonra tam sağalsam belə, meydana çıxmağımla bağlı qərarı baş məşqçi verəcək. Komandanın uğuru üçün hansı addım məqsədəuyğundursa, o addım da atılacaq”.

O, ilk rəqib barədə də fikirlərini bölüşüb: “Rəqib barədə əldə etdiyimiz məlumatlara əsasən onları təhlil etmişik. Kifayət qədər ciddi rəqib, yaxşı komandadıt. Matça ciddi yanaşırlq. Bizim üçün ən vacib olan nəticədir. Bunu istəyiriksə, rəqibi özümüzdən üstün hesab etməli, buna uyğun hazırlıq keçməliyik”.

Həmin kateqoriyadan