Ramin Quliyev: Səhvlərin üzərində işləməyə davam edəcəyik

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, görüşdə yığma 4:0 qalib gəlib. Baş məşqçi Ramin Quliyev matçla bağlı bunu deyib:

“Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdır. Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq.

Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq.

Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”.

Həmin kateqoriyadan