Sənan Qurbanov: Həm çempionat, həm də kubokda sonadək mübarizə aparacağıq

“Qəbələ” ölkə kubokunun 1/4 finalının cavab oyununda da “Sabah”ı 1:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, matçdan “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında bunu açıqlayıb: 

“Kubok oyunları fərqli olur. İlk görüşdə səhvlərimiz var idi. Bunu analiz etmişdik. Sevindiricidir ki, futbolçular cavab matçına çox məsuliyyətlə yanaşdılar. Demək olar ki, səhvsiz oynadıq. Yaxşı futbol oynayıb qalib gəldik.

Topa nəzarət bizdə idi. Komandamız daha çox qol imkanı yaratdı. Qış fasiləsindən sonra istədiklərimiz daha yaxşı, sistem şəklində işləməlidir. Fəxr edirəm ki, belə futbolçularla işləyirəm. Mərhələ keçdiyimiz üçün həm komandanı, həm də azarkeşləri təbrik edirəm. Komandama inanıram. Nəyinsə üzərində işləyəndə və inkişafı görəndə inamlı danışmaq mümkündür.

Qış fasiləsindən sonra daha çox qələbə qazanmalıyıq ki, rəqiblərimizə çataq. Bunun üçün çox çalışmalıyıq. Qarşıda zamanımız da var. İlk yarıdan sonra rəqiblərlə aramızda böyük xal fərqi olmadığı və qarşıda yarım mövsümün qaldığını nəzərə alsaq, hədəfimiz ilk üçlüyə düşməkdir. Həm çempionat, həm də kubokda sonadək mübarizə aparacağıq”.

Həmin kateqoriyadan