Sənan Qurbanov: Ölkə çempionatında yaranan fasilə xeyrimizə oldu

Topaz premyer liqasının 8-ci turunun “Qəbələ” – “Neftçi” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 38 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Məğlubiyyətlərdən sonra klub şəklində birləşdik. Fasilə də bu baxımdan xeyrimizə oldu. Bu zamandan yaxşı istifadə etdik. Futbolçularla həm fərdi, həm komanda şəklində söhbətlər apardıq. Bir ailə olmağı bacardıq. İlk dövrədə bəzən yaxşı oynasaq da, nəticə qazana bilmirdik. Bu da oyunçulara psixoloji təsir edirdi. Gərginliyi aradan qaldırdığımız üçün sevinirəm.

Həm azarkeşlərimizi, həm futbolçuları parlaq qələbə münasibətilə təbrik edirəm. Aqil Məmmədovu xüsusi təbrik etməyi lazım bilirəm. Bu gün çox yaxşı oynadı. Belə oyunun səbəbi məşqlərdə istəkli olmasıdır. Neçə vaxtdır şansını gözləyirdi və bundan çox yaxşı istifadə etdi. Son matçımızda yaxşı oynamasaq da, digər görüşlərdə inkişaf var idi.

Bunu təhlillər də göstərirdi. Amma nəticə olmadıqca, futbolçular da üzülürdü. Onlar çox əsəbi idilər və “Neftçi” ilə oyunun başlamasını gözləyirdilər. Bu qələbə bizə çox lazım idi. Matçdan sonra arxayınlaşa bilmərik. Xal ehtiyatımız çox deyil. Yaxşı oynasaq da, təhlillər aparıb, daha da inkişaf etməyə çalışacağıq. Qarşıda 2-ci, 3-cü, 4-cü dövrə var. Bu qələbəni unudub, növbəti matça hazırlaşacağıq. Təmkinin Xəlilzadənin qırmızı vərəqəsini bəxtsizliklə bağlayırdım. Bunda oyunun gərginliyinin də rolu oldu”.

Həmin kateqoriyadan