Sənan Qurbanov: Həm çempionat, həm kubokdan maksimum faydalanmağa çalışacağıq

Topaz premyer liqasının 21-ci turunun “Neftçi” – “Qəbələ” oyunundan (1:1) sonra qonaq çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 39 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Neftçi”yə qarşı oynayırdıq. Gərgin və mübarizəli matç olacağını gözləyirdik ki, belə də oldu. İlk yarıda ön xətdə top itkilərimiz olduğundan oyunumuz istədiyimiz kimi alınmadı. Fasilədən sonra oyunumuza bir az düzəlişlər etdik. Çalışdıq ki, hücumların kəsərini artıraq. Futbolçulara rəqibin boşluqları barədə məlumat vermişdik. Hesabda geriyə düşsək də, futbolçular xarakter göstərdilər, sonadək “vuruşdular”, konsentrasiyaları 90 dəqiqə davam etdi.

Məni sevindirən məqam budur. Liderə qarşı oyunda 1 xal qazandıq. Oyunçularımı bu mübarizəyə görə təbrik edirəm. Həm çempionat, həm kubokdan maksimum faydalanmağa çalışacağıq. Elvin Camalovun ilk yarıdan sonra əvəzlənməsi kiçik zədə ilə bağlıdır. Həm o, həm də yerinə meydana daxil olan Sabien Lilay yaxşı təsir bağışladı. Futbolçularımızın milliyə çağırılmamağı bizi təəccübləndirdi”.

Həmin kateqoriyadan