- Baxış sayı: 42
- 17 İyul 2025 19:03
- Baxış sayı: 170
- İyul 20, 2025
- 0
Paytaxtın mərkəzində xeyli sayda qabaqcıl orta məktəb var. Onlardan biri Lev Tolstoy küçəsində yerləşən 1 nömrəlidir. Bina tarixi qədimliyi və memarlığı ilə diqqət çəkir. Mərkəz hissəsi 3, yanları 2 mərtəbəlidir. Əslində, sinənin üstündə çardaq tipli 1 qat da var. Arxitektur görünüşlü tikililərimiz adətən 1-ci cumhuriyyət dönəmindən öncəyə aiddir. Sahibləri də əsasən neft milyonçuları idi. Bakının bu seçilmiş parçası və Bayır şəhər – onun böyük hissəsi müsəlman məhəlləsi sayılırdı – hər zaman firavanlıq görməyib, müxtəlif çeşməkeşli həyatında üzüntüsünü indi də səthində qəlpə dəliklərinin və bərpa edilmiş top mərmilərinin izləri ilə saxlayır. Divarlar zamanla kədərdən qaralıb. Onu nə qədər ağartsan da, əmlakı qəsb edilmiş nakam sahiblərinin ruhları içində dolaşmaqdadır.
Yolumu ordan salmağımı demək düz çıxmazdı, çünki uşaqlıqdan mərkəzdə – Bayır şəhərdə yaşadığımdan, tez-tez 1 saylı orta məktəbin qabağından da keçirəm. Bu dəfə səbəb tam başqaydı. Məktəbin həyətində uşaqlıq dostum Samir Rzayevi gözləyirdim. O, Tolstoydakı sinif yoldaşıma yaxın olurdu. Adaş idilər. Həzi Aslanov (sovetlərdə Gənc pioner, daha öncə Karantin) küçəsində digər sinif yoldaşım Nəcəfə yaxın olurdu. Əlimərdan bəy Topçubaşovda (keçmiş Krupskaya, inqilabdan öncə Tatar) evlərini söküb yerində bina tikəndə, uzağa getməyib yaxın məhəllədə ev aldılar. Samirlə elə həmin küçədə ayrı bir orta məktəb, 16 saylının stadionunda futboldan tanış idik. Yeri asfalt olsa da, bərəkətli meydança idi, zamanında o qədər məhəllələrarası yarışlar keçirilmişdi ki. Fəvvarələr meydanının arxasında 1996-98-ci illərdə “İSR Plaza” tikiləndə, məktəbin stadionu onun güdazına getdi. Sərbəst şəkildə tək oynayacağımız, idman edəcəyimiz yer idi.
Düzdür, mən orda “qonaq” sayılırdım. Çünki Azərbaycan prospektindən (keçmiş Hüsü Hacıyev, inqilabdan öncə Bazarnaya) yuxarıda yaşayırdım. Doğma məktəbim də elə o həndəvərdə Qırmızı əmək bayrağı ordenli 190 saylı idi. Amma vaxtaşırı mərkəzi yolu adlayıb aşağı məhəllələrə gedirdim. O üzdən oranın uşaqları məni yaxşı tanıyırdılar. Həmin civarda qızlı-oğlanlı xeyli sinif və məktəb yoldaşım da olurdu. Samirlə də bu görüşümün məğzi başqaydı. Gənclər və idman naziri Fərid Qayıbovla xatirəsini bölüşəcək, məktəbin direktoru və müəllimələri ilə söhbətləcəkdik. Onlar bir sinifdə oxuyublar, 1985-1995-ci illərin məzunlarıdır. İTV-nin baş direktoru, eləcə də AFFA-nın vitse-prezidenti Balakişi Qasımov nazirlə yanaşı sinifdə oxuyub. “Azəridmanservis” rəhbəri Həsən Hüseynov bəzi çevrədə deyildiyi kimi sinif yoldaşı yox, institutda qrup yoldaşı olub.
Qapıdakı polisdən Elida Rzayevanı soruşduq. Dedi direktor tədbirdədir. Nadir adı vardı: Darvin. Gülərüz, səmimi, qarabuğdayı oğlandı, yaşı 30 civarında olardı. Ləhcəsindən belə məlum oldu ki, rayonludur. Dünən məktəblərdə son zəng idi. Bu üzdən 1 saylı orta məktəbdə də izdiham vardı. İç həyətdə şagirdlər əylənir, müəllimlərdən xeyir-dua alır, bir-birləriylə vidalaşır, ağ köynəklərinə xatirə imzaları yazırdılar. Qəbul otağında gözləyənəcən tarixi binanın dəhlizlərini gəzmək qərarına gəldik. Aramla məktəb xatirələrimizi vərəqlədik. Samir, sinif yoldaşını çox təriflədi. Dedi ki, Fərid sakit təbiətli, dərsini yaxşı oxuyan idi. Heç kəslə işi olmazdı. Çiyninə həşərat da qonanda, onu qovmurdu. Bir dərs də buraxmırdı. O danışdıqca, həmin hekayə gözümdə canlanırdı. Mənə elə gəldi ki, nazirimiz hansısa otaqların birindədir. Ya indi burulub koridorda qarşımıza çıxacaq, sakitcə üzümüzə baxıb gülümsəyərək keçəcək. Hər necə olsa, hamı onu mülayim insan kimi tanıyır. Qara eynəyinin altında daim təbəssüm gizlənir.
Samir idman yönümlü insandır. Uşaqlıqda futbolu yaxşı oynayırdı. Bir az yuxarı siniflərdə oxuyarkən boksa getdi. Kikboksu da bacarırdı. Bununla yanaşı, digər top oyunlarından qalmırdı. Atası Şahmar müəllim tanınmış güləş məşqçisidir, uzun illərdir politexnikin idman zalında işləyib. Elə oldu sonradan bu yolu keçdi, idman ustası oldu, əməkdar məşqçi səviyyəsinə yüksəldi, boks və kikboksdan yaxşı tələbələr yetişdirdi. İndi həm texniki unuversitetin zalında işləyir, həm də idman akademiyasında dərs deyir, üstəlik, beynəlxalq dərəcəli hakimdir.
Danışırdı ki, məktəbdə sinif yoldaşlarını döyürdü, amma heç zaman nazirə toxunmayıb. O sakit olduğundan, hər zaman onu qoruyub. Samirin sözünə görə, ilk sinifə keçəndə direktor Ağalar Hüseynoğlu idi, axırıncı sinifdə isə onlara ibtidai müəllimləri Ofeliya Talışinskaya rəhbərlik edirdi.
Bir qədər də gəzişəndən sonra dedilər ki, direktor bizi gözləyir. Otağına keçdik. Elida xanım bizi çox isti qarşıladı. Elə ilk kəlmələrdən anladım ki, şəhər adamıdır. Çox sadə, səmimi, kübar, təvazökar, görüb-götürmüş. Ona hədiyyə edilən iri gül bağlamalarını müəllimlərə bağışlayırdı. Deyirdi, biri bəsimdir. Sonra öyrəndim ki, Bakının əsilli-nəcabətli soyundandır, novxanılıdır. Özü də hər üçümüz eyni küçədə, Əlövsət Quliyevdə oluruq. Sovetlərdə Petra Montin, inqilabdan əvvəl Aziatski adlanırdı.
Elida xanımın doğma şəhərinə sevgisi o qədər idi ki, söhbəti uzun illər rəhbərlik etdiyi təhsil ocağının tarixi ilə başladı: “Bu binanı Hacı Zeynalabdin Tağıyev tikdirib. Onun təşəbbüsü ilə bu işdə digər neft milyonçuları da dəstək veriblər. Bura lap əvvəl qızlar üçün gimnaziya olub. İnqilabdan bir müddət sonra Mircəfər Bağırovun adını daşıyan hərbi məktəbə çevrilib. 1941-45-ci illərdə Böyük vətən müharibəsi zamanı məktəb-qospital kimi fəaliyyət göstərib. Öncəki dövrlərdə Azərbaycan dili üzrə tədris olub. Daha sonralar rus bölməsinə keçib.
Nəinki respublika, ümumittifaq və dünya üzrə bir çox tanınmış şəxslər bu məktəbdə oxuyublar: nəzəriyyəçi-fizik Lev Landau, jurnalist-tərcüməçi Mixail Qusman, kinorejissor Eldar Qulyev. “Nə? Harada? Nə zaman?” bilik oyunu ilə tanınan Balakişi Qasımovu da çox bəyənirəm. Hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarov 10-cu sinfə kimi burada dərs alıb. Gənclər və idman naziri Fərid Qayıbova gəlincə, o, qızımla yanaşı sinifdə oxuyub. Bildiyim qədər, çox ağıllı, sakit və çalışqan olub.
Bu məktəb hər zaman nümunəvi olub. Təlim-tərbiyəyə xüsusi fikir verirəm. 1 saylı orta məktəbdə pis şeylər eşitməzsiniz. Hər şeyə özüm nəzarət edirəm. Şagirdlərin davranışları bunu təsdiqləyir”.
Həmsöhbətimizin də idmana birbaşa bağı var. Həyat yoldaşı Arif Rzayev “Neftçi”nin futbolçusu olub, SSRİ çempionatının güclülər dəstəsində 1966-cı ildə bürünc medal qazanan heyət üzvlərindəndir; indiki Tofiq Bəhramov adına respublika stadionunda sovet yığmasına qarşı çıxış edib. Elida müəllimə dedi ki, qaynı Fazil Rzayev yaxşı voleybolçu olub. Faiq Qarayev ailəsini yaxşı tanıyır. Həyat yoldaşı isə, AFFA-nın ilk prezidenti Fuad Musayevlə dost olub. Bir neçə il öncə 80-illik yubileyində assosiasiya ona üzərində “Fazil Rzayev 80” yazılan futbol köynəyi hədiyyə edib.
Azərbaycan dili müəlliməsi Leyla Zamanova öz növbəsində Fərid Qayıbovu təriflədi. Bildirdi ki, o çox mərifətli, nəzakətli, nümunəvi davranışlı şagird olub. Hər zaman işinə məsuliyyətlə yanaşıb, dərslərə gecikməyib. Aşağı sinifdə oxuyan zaman pioner dəstə rəhbəri olmuş, sonradan biologiyadan dərs deyən Validə İsmayılovanın nazir barəsində xoş xatirələri var. Onu təmkinli, müəllimləri incitməyən, sözəbaxan məktəbli kimi tanıyıb. Bədən tərbiyəsinə hər zaman maraq göstərib, basketbola xüsusi həvəsi olub; məktəblərarası yarışlarda fərqlənib.
Bu tarixi binadan yaxşı təəsüratla ayrıldıq. Hər kəslə söhbət etmək xoş idi. Xeyli zaman keçirməyimizə rəğmən, müəllimlər hələ də dəhlizdə bir-biriləri ilə söhbət edir, deyib-gülürdülər. Məzunlar da getməyə tələsmirdilər. Uzun zaman bu günü gözləyən valideynlər həssas məqamları telefonun yaddaşına yazırdılar. Qarşıda onları növbəti həyacanlı anlar gözləyir: universitet imtahanları. Bizim isə öz sınaq meydanımız var – hər 4 ildən bir keçirilən olimpiya oyunları. Gələn ay isə milli mətbuat öz 150-illik yubileyini qeyd edəcək…
Kamran HACI