“Bu, təkcə mənim yox, Azərbaycanın, bütün türk millətinin qələbəsidir”

Karateçi Rəfael Ağayev (75 kq) Tokio oyunlarında ölkəmizə gümüş medal qazandırıb. Allsport.az saytı xəbər verir ki, titullu idmançımız çıxışını dəyərləndirib, gələcək karyerası barədə danışıb.

– Əksəriyyət belə düşünür ki, finalda təkcə italiyalı rəqibimiz Luici Busaya qarşı yox, həm də hakimlərə qarşı döyüşdünüz. Bununla bağlı nə deyə bilərsiz?
– Əvvəla bütün Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya və ya birinci də ola bilərdim. Kimisə gözdən salmaq istəmirəm. Bəzi idmançılar gəzmək, olimpiadada iştirak etmək üçün gəlirlər. Mən isə evdən çıxanda bura qızıl üçün gəlmişdim. Təəssüf ki, medalın əyarı gümüş oldu. Bütün sualların cavabını özünüz dediniz ki, hakimlərə qarşı da döyüşdüm. Bəhanələri sevmirəm, gümüş medal oldu. Allahıma təşəkkür edirəm. Bu yolda mənə həm mənəvi, həm də fiziki cəhətdən kömək olanlara “çox sağ ol” deyirəm. Ölkə başçımıza təşəkkür edirəm, hər zaman qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova, şəxsi müəllimim Füzuli Musayevə, yığma komandanın baş məşqçisi və ilk müəllimim Rafael Məmmədova “çox sağ ol” deyirəm. 6 yaşımda Sumqayıtda karatedə ilk addımlarımı atmışam. İnsan gərək keçmişini unutmasın. Bütün müəllimlərimi salamlayıram. Baş məşqçimiz Qurban Tağıyevə də təşəkkür edirəm. Elə anlar olub mən, bəzən isə müəllim əsəbləşib. Qalibiyyət üçün müəllimlə tələbənin bir-birini tamamlaması ən vacib məsələdir. Türkiyədə Yasər qardaşım da mənə köməklik edib. Bu, təkcə mənim yox, Azərbaycanın, bütün türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Elə bu gün axşam məşq edəcəm və qarşıdakı yarışa hazırlaşacam. Mənim üçün hər şey əladır.

– Bu o deməkdir ki, karyeranızı davam etdirirsiz?
– Bəli. Onu da əlavə edim ki, pərdəarxası məqamları heç kim görmür, təkcə mən bilirəm. Həyatda birinci insan olmaq lazımdır, sonra çempion. Çempion olmaq asandır, insan olmaq çətin. Əlimdən nə gəlirsə, hər zaman xalqım, Vətənim, bayrağım üçün edəcəm.

– Karate ilk dəfə olimpiya proqramına salındı və birinci yarışdaca Azərbaycan gümüş medal qazandı. Hansı hissləri keçirirsiz?
– Hisslər çox gözəldir. Finalda uduzanda üzülürsən. 3-cü yer uğrunda yarışanda qələbə qazanıb sevinirsən. İstərdim qızıl olsun. Gümüşə görə də çox sevinirəm. Vətənim, xalqım və karyeramda olmayan bir medalı qazandım. 30 il idi mən bunun həsrətində idim. Karate daha öncədən Olimpiadada olsaydı, artıq olimpiya çempionu idim. Aldığımız məlumata görə, karate birinci və sonuncu dəfə olimpiada proqramına daxil edilib. 2028-ci ildə olsa, orada iştirak etməyə də yaş imkan verməz. Vətənə döndükdən, bizi qəbul etdikdən sonra öz sözümü deyəcəm. Karyeramı 2025-ci ildə bitirəcəm. Yəqin ki, həmin vaxta qədər davam edərəm. Ondan sonra Bakıda öz məktəbimi açmaq istəyirəm. Mən olmasam da, məndən sonra gələnlər olar. Karateni tam bilməsək də, hər gün öyrənirik. Bildiklərimi bütün gənclərə öyrətmək, Azərbaycana dünya və olimpiya çempionları bəxş etmək istəyirəm.

– Mükafatlandırma mərasimində rəqibinizlə görüşməməyiniz nə ilə bağlı idi? Onun hansısa hərəkəti xoşunuza gəlmədi?
– 30 ildir nəinki tatamidə, hətta həyatda da düşmənim olsa belə, salam verirəm. Çünki salam Allah salamıdır. Çox şeyləri açıqlamaq istəmirəm. Busa yaraşmayan hərəkətlər etdi. Əgər vurduğum zərbəni saysaydılar, qələbə qazanacaqdım. 5 hakimdən 4-ü xal aça bilərdi ki, 4-ü də açmışdı. Üzdə qan, qızartı yoxdursa təmiz zərbədir və xal verilir. Bəzi şeylər deyilməli deyil. Mən onunla görüşmürəm, çünki buna layiqdir. Dünyanın bir nömrəsi özüməm. Özümdən razı deyiləm.

– BBC sizi karatenin Maradonası adlandırıb…
– Karate federasiyasının prezidenti 2006-cı ildə məni karatenin brilyantı adlandırmışdı. Ondan sonra futbolun Maradonası və SSRİ-nin Brüs Lisi deyənlər oldu. Amma mənim adım Rəfaeldir və azərbaycanlıyam. 

Həmin kateqoriyadan