“Çox istərəm ki, gələcəkdə Azərbaycan güləş millisində çalışam”

Onunla dünən Tinarada, güləş üzrə Avropa çempionatında tanış oldum. Yarışda fasilə yaranmışdı. Hərə bir guşəyə çəkilib istirahət edirdi. Mən də tədbir məkanında azərbaycanlı hakimlərlə hal-əhval tutub ordan-burdan söhbət edirdim. Asif Şirəliyev ilə fikir mübadiləsində, ölkəmizi son 5 olimpiya oyunlarında təmsil etmiş referilərdən ötən ay paylaşdığım “Olimpiya oyunlarında Azərbaycan güləşinə onlardan hansı xeyir verib?” yazısından söz düşdü. Daha doğruzu, o söz saldı. Birgə məqalənin detallarını aydınlıq gətirdik. Xoş və səmimi olan müzakirəmizə üçünçü bir şəxs şahidlik edir, arada azərbaycanda öz fikrini səsləndirirdi.

Söhbət əsnasında hakimlər otağında həmyerlimizin geyimi diqqətimi çəkdi: Serbiya millisinin idman dəstində idi. Bəlli oldu ki, Ziyad Əliyev bu ölkənin yunan-Roma güləşi üzrə əsas millisinin məşqçisidir. Vaxtı ilə bizdə güləşib, idmandan küsdürülüb. Buna rəğmən, övladını bu sənətə bağlayıb, onu yaxşı futbolçu kimi yetişdirib. Sonra tale elə gətirib ki, onlar Serbiyada yaşayıb peşələrini orada davam etdirmək məcburiyyətində qalıblar. Allaha şükür, indi vəziyyətləri yaxşıdır. Özü Serbiya millisində, oğlu Azərbaycan millisində. Hər bir azərbaycanlının yurd dışında məmləkətini təmsil etməsi qürurverici və şərəflidir. Özü də milli məsələdir. Bizə düşən belə insanlara dəstək olmaq, onların qürbətdə tək qalmadıqlarını nümayiş etdirməkdir. Müsahibəmin ilk sualını onun idmana gəlişi ilə başladım:

– Güləşə məni atam gətirib. 1992-ci il idi, çətin dövrdəydik. Ölkəmiz təzəcə müstəqillik əldə etmişdi. Öncə, sadəcə idmanla məşğul olmaq niyyəti ilə bura gəlmişik. Sonra nəsə alınanda, fəaliyyəti peşəkar davam etdirməyə qərar verdik. Mən Xırdalanda doğulub, böyüyüb, boya-başa çatmışam. Orada 2 idman növü vardı: sərbəst güləş və karate. Biz də sərbəst güləşi seçdik.

– İlk nəticələr nə vaxtdan gəlməyə başladı?
– 1995-ci ildən 2010-cu ilə qədər bütün yaş qruplarında Azərbaycan millisinin üzvü olmuşam. Dəfələrlə ölkə çempionu və beynəlxalq yarışların mükafatçısıyam. Ən böyük uğurum 1998-ci ildə İngiltərənin Mançester şəhərində keçirilən gənclər arasında dünya birinciliyidir. Həmin yarışda 1-ci yer tutmuşam. O vaxtı nəinki böyüklərdə, yeniyetmə və gənclərdə kiçik əyarlı medal belə, böyük nəticə sayılırdı. Həmin dövrdə indiki şərait və şərtlər yox idi. Allaha çox şükür, az da olsa, bizim də idmana töhfəmiz olub.

– Gənclərdə hansı çəkilərdə çıxış etmisiniz?
– 76 və 82 kq-da güləşmişəm. Böyüklərdə 74 kq-da mübarizə aparmışam.

– Böyük uğurun ardının gəlməsinə nə mane oldu?
– Çox haqsızlıq oldu. O üzdən idmançı karyeramı acınacaqlı şəkildə bitirdim. Müəyyən səbəblərdən lazımi nəticələri qazana bilmədim və ya ona şərait yaradılmadı. O dövrdə də dağıstanlı legionçular vardı. Biz onlardan heç də zəif deyildik.

– Yaxşı, bu çətinliklər necə yarandı? Yəqin ki, obyektiv və subyektiv səbəbləri var.
– Gənclik səhvlərim olub. Bizi doğru-düzgün yönləndirən insanlar olmayıb. Ailələrin bugünkü kimi idmandan məlumatı olmayıb. Məşqçilərimizdə də indiki peşəkarlıq olmayıb. Bu kimi məqamlar mənə və mənim kimi bir çox güləşçidə dağınıq həyat tərzinə çevrilib.

– Karyeranızı bitirdikdən sonra nə işlə məşğul oldunuz?
– Güləşə qarşı bir balaca küskünlüyüm vardı. Çünki mənim yüksək nəticələrə yetişmək qabiliyyətim vardı. Yaşım az olanda, dünya səviyyəli idmançılarla başa-baş güləşməyim buna dəlil idi. Alınmadı və belədə, bitirmək qərarına gəldim.

– Serbiyaya sizi hansı rüzgar atdı?
– Buna oğlum səbəb oldu. Nazimin hazırda 16 yaşı var. Serbiyanın ən köklü məktəblərində futbol oynayır. Azərbaycanda bu idman növünün durumunu bilərək, onu 12 yaşımda öz imkanım vasitəsi ilə ölkədən çıxardım. Öncə “Partizan” klubunun futbol məktəbinə baxışa gəldik. Orada onu bəyəndilər. Sonra “Srvena Zvezda”ya keçdi və indiyədək orda çıxış edir, 16 yaşlılarında əsas heyətdə oynayır, Azərbaycanın yeniyetmələr millisinin də üzvüdür. Hazırda bu komandada Aqil Nəbiyevin rəhbərliyi ilə Bakıda təlim-məşq toplanışındadır.

– Sizin işiniz necə alındı?
– Həmyerlimiz – Yusif Abbasov Serbiya güləş federasiyasında çalışırdı. O zaman bizim ortaq dostlarımız vardı. Onlar vasitəsilə Belqradda həmin şəxslə tanış oldum. Yusif Abbasov öz dəstəyini təklif etdi. Bir neçə yarışda məni sınadılar, təlim-məşq toplanışına göndərdilər. Özümü doğruldandan sonra keçən ilin avqustunda federasiya ilə müqavilə bağladım.

– Neçə illik anlaşdız?
– Müqavilənin müddəti yoxdur, açıqdır. Nə qədər burdayam, öz əməyimi və təcrübəmi Serbiya güləşinə sərf edəcəyəm.

– Maraqlıdır, siz sərbəst üsulla güləşmisiniz. Uğurlarınız da bu növdədir. Amma məşqçi kimi Serbiyanın yunan-Roma güləş millisində yer alımısınız.
– Öncə mənə qadın güləşi təklif edildi. Bu sahə çətin və həssasdır. Öz hazırladığım proqramı təqdim etdim. İnkişaf üçün yetərli büdcə, tərəf-müqabili üçün legionçular lazım idi. Əvvəlcə razılaşsalar da, sonradan vaz keçdilər. Serbiyada sərbəst güləş yox dərəcəsindədir. O üzdən sonda yunan-Roma güləş yığmasının üzrərində dayandıq.

– Bu qısa müddətdə hansısa nailiyyət varmı?
– Ötən 8-9 ay ərzində işimi indi-indi göstərməyə başlamışam. Konkret nəticə söyləyə bilmərəm, amma komanda məni qəbul edir, hesablaşır və inanır. Gənc güləşçilərdən ismarıclar alıram. Onlar mənimlə işləmək istəyində olduqlarını yazırlar. Düşünürəm ki, bunca məqamlar mənim üçün uğurdur.

– Serb dilini öyrənmisinizmi?
– Bəli, öyrənirəm. Serb dili slavyan dil qrupudur, rus dilinə bənzərliyi var. O üzdən çətinliyim yoxdur və son 3 ayda danışmağa başlamışam.

– Hər bir məşqçinin yüksək hədəfi, arzusu var. Siz özünüzdə nə cızma-qara etmisiniz?
– Olduğum yerdə faydamın olması böyük işdir. Çox istərəm ki, gələcəkdə Azərbaycan güləş millisində çalışam. Bunun üçün də Serbiyada nəticələri göstərmək lazımdır. Sıradan biri yox, ortaya bir iş qoyub, onun müqabilində təklif almaq istəyirəm.

Söhbətləşdi: Kamran HACI, Tirana

Həmin kateqoriyadan