- Baxış sayı: 28
- 23 Aprel 2026 16:08
- Baxış sayı: 28
- Aprel 23, 2026
- 0

Albaniya paytaxtı Tiranada keçirilən Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Rza Qayaalp (130 kq) qızıl medal qazandı. Karyerasında 13-cü dəfə bu uğura yetişən titullu bahadır 3-qat olimpiya çempionu rusiyalı Aleksandr Karelinin (12) rekordunu qırdı. 36 yaşlı pəhləvan həm də 3-qat olimpiya medalçısı və 5-qat dünya çempionudur.
Tarixi hadisənin ertəsi günü KİV üçün ayrılmış sahədə Rza Qayaalpdan özəl müsahibə aldım. Axı, bir türk güləşçinin uğuruna necə şərik olmamaq olar!
– Rza təbrik edirəm. 13-cü dəfə Avropa çempionu olub əfsanəvi güləşçi Karelinin rekordunu qırdın. İstərdim ki, sevincini Allsport.az saytı vasitəsi ilə azərbaycanlı qardaşlarınla bölüşəsən.
– Son dövrdə yarımfinal və finalda azərbaycanlı güləşçilərlə qarşılaşırdım. Bu dəfə belə olmadı, ayrı səbərlərə düşdük. Amma belə yaxşı oldu. Hər halda, finalda yenə gözləyirdim. Avropa çempionatı çətin keçdi. Özəliklə, qrup mərhələsi. Allaha çox şükürlər, bu səddi keçib sonra gərək olanı etdim və Karelinin rekordunu qırdım. Belə uğura yetişmək asa deyil, uzun illər sərf edirsən. 15 dəfə finala çıxdım, 13 dəfə qalib oldum. Yəni, 15 dəfə finala çıxıb, 8 dəfə də çempionluğu qazana və ya heç vaxt finala çıxmaya bilərdim. Həqiqətən, çox çətin nailiyyətdir. Bundan dolayı, çox xoşbəxtəm.
– Karelinin rekordunu qıracağınızı nə zaman anladız?
– Bunu 2-ci görüşdən sonra anladım. Güclü rəqiblərlə eyni səbətdə yer almasını istəyirdim. Elə də oldu.
– Yəni, bu Avropa çempionatında?
– Bəli. Güclü rəqiblərlə eyni qrupda yer alanda, sonra irəliləmək daha asan olur.
– Çox sevindiricidir ki, bu zəfərin təməli Azərbaycanda qoyulub. İlk dəfə qitə çempionluğunu 2010-cu ildə Bakıda qazanmısınız.
– Bəli, doğrudur. Həmin fürsəti yaxşı dəyərləndirmişdim. Bakıda qazanmaq mənim üçün gözəl idi. İlk dəfə orda olurdum. Tərəfdarlar da çox idi, özümü yad yerdə hiss etmirdim. Azarkeşlərdən güclü dəstək gördüm. Heydər Əliyev idman sarayı çox möhtəşəm idi, mənə də düşərli oldu. Bakı gözəl şəhərdir, orada çoxlu dostlarım var. Öz dövrümün azərbaycanlı güləşçiləri ilə yaxınam, daim bir-birimizlə əlaqə saxlayırıq. Allah qoysa, boş vaxt tapan kimi Bakıda olub şəhəri yaxşıca gəzmək istəyirəm.
Söhbətləşdi: Kamran HACI, Tirana