Nazim Süleymanov: “Əgər evdə Bolqarıstana məğlub olduqsa…”

Azərbaycan yığmasının sabiq kapitanı və məşqçisi Nazim Süleymanov Apasport.az saytına müsahibə verib. Allsport.az xəbər verir ki, milli komandamızın Avro-2014-ün seçmə mərhələsində Norveçlə oyunundan danışan keçmiş futbolçu skandinavlarla DÇ-1998-in qrup görüşü barədə də fikirlərini bölüşüb.

– Millimiz Avro-2016-nın seçmə mərhələsində 2 gün sonra Norveçlə ilə üz-üzə gələcək. Komandamızdan hansı nəticəni gözləyirsiniz?

– Təbii ki, yaxşı nəticə. Millinin futbolçuları da dərk edir ki, evdə oynayırıq. Mahmud Qurbanov da ilk dəfə baş məşqçi kimi komandanı meydana çıxaracaq. Azarkeşlər də ona dəstək olmalıdırlar. 12-ci oyunçu funksiyasını yerinə yetirməlidirlər. İnanıram ki, nəticə də hamımızın istədiyi kimi olacaq.

– Yığmamızın rəqibdən xal alacağına inanırsınız?

– Mən düşünürəm ki, biz onlara xal verməməliyik. Evdə oynayırıq, nə üçün Norveç burdan xal aparmalıdı. Qələbə qazanmaq lazımdır. Futbolçular da meydana bu fikirlə çıxmalıdı.

– Berti Foqtsun gedişindən sonra ilk oyunumuz olacaq. Baş məşqçinin gedişindən sonra birinci matçımızda uğur gözləməyə dəyər?

– Mahmud Qurbanov Foqtsun yanında işləyib. Seçmə mərhələdə bir neçə qarşılaşmada onunla birlikdə komandanı meydana çıxarıb və təcrübəsi var. Millinin üzvləri də onun tapşırıqlarına ciddi yanaşmalıdılar. Belə olacağı təqdirdə, qələbə də gələcək. Bolqarıstanla matçda etdiyimiz səhvləri təkrarlamalıyıq.

– Mahmud Qurbanov yığmanın heyətini müəyyənləşdirərkən legionerlərə dəvət göndərmədi. Bu qədər dəyişiklik bu matça təsir edə bilər?

– Millidə oynamaq hər bir futbolçu üçün şərəfdi. Kimliyindən asılı olmayaraq hamı bu komandada çıxış etdiyi üçün qürur duymalıdı. Məncə, heç bir təsir göstərməyəcək. Elə öz futbolçularımız məsuliyyəti daha yaxşı dərk edirlər. Onlar meydana çıxıb qələbə qazanmağa çalışacaqlar.

– DÇ-1998-ci ilin seçmə mərhələsində millimiz Norveç yığması ilə eyni qrupda yer almışdı. Həmin vaxtlar siz də futbolçu kimi komandamızın heyətində çıxış etmisiniz. Bakıda 0:1, Osloda 0:5 hesabları ilə uduzmuşuq. Həmin matçları necə xatırlayırsız?

– Həmin məğlubiyyətlər mənə yuxu kimi gəlir. Bu barədə heç danışmaq istəmirəm. İrəliyə baxmaq lazımdı.

– Böyük hesabla uduzduğunuz üçün bu barədə danışmaq istəmirsiz?

– (Gülür). Bilirsiz, o vaxtdan bu günə qədər çox şeylər dəyişilib. Ona görə də həmin məğlubiyyətləri xatırlamaq istəmirəm.

– Norveç millisi güclənib, yoxsa zəifləyib?

– O vaxt oynanılan futbolla indikini müqayisə etmək düzgün deyil. Düzdü, bir neçə fakt gətirmək olar. Amma bu indi nəyisə dəyişməyəcək. Yəqin ki, millinin məşqçiləri ayın 12-də baş tutan Norveç – Estoniya oyununu izləyib və rəqibi analiz ediblər. Futbolçularımıza lazımi tapşırıqları verəcəklər. İnanıram ki, istədiyimiz kimi olacaq hər şey.

– Bəs, sizin o vaxt oynadığınız milli komandamızla indiki arasında hansı fərqlər var?

– Gəlin, çox dərinə getməyək. Hamımız bu gün komandamıza dəstək verməlidir. Onları alqışlamalıyıq və uğur da gözləməliyik. Müqayisə etməyimiz düzgün olmaz.

– Avro-2016-nın seçmə mərhələsinə ardıcıl 3 məğlubiyyətlə başladıq. Bundan sonra qrupda 3-cü pillə üçün mübarizə aparmağımız mümkündür?

– Çox çətin olacaq. Əgər biz evdə Bolqarıstana məğlub olduqsa, bundan sonra nəyisə dəyişmək asan deyil. İtaliya və Xorvatiya qrupun favoritləridir. Amma Norveç, Bolqarıstan və Malta kimi komandalardan xallar almalıyıq. İlk oyunda evə uduzmağımız çox pis oldu. Yenə də ümidimizi üzməməliyik. AFFA rəhbərliyi də yeni məşqçinin gələcəyini bildirib və o əcnəbi olacaq. Burda da məqsəd odur ki, komandanı DÇ-2018-in seçmə mərhələsinə hazırlasınlar.

– Dediklərinizdən belə qənaətə gəlmək olar ki, yerli məşqçi gəlsəydi, komandanı yaxşı hazırlaya bilməzdi…

– Yox, elə demədim. Yerli məşqçi də bunu bacarar. Məsələn, bir neçə ay öncə futbolu bitirib millinin sükanı arxasına keçmək düzgün deyil. Amma illərdir təcrübə yığan və uğur qazanan məşqçilərimiz var. Hər kəsin arzusudur ki, bu komandada işləsin. Yığmamıza uğur qazandıracaq məşqçilərimiz var. Amma qərarı AFFA rəhbərliyi verir. Biz nə edə bilərik? Onlar da deyib ki, komandanın sükanı arxasında əcnəbi çalışdırıcı olacaq. Biz də o posta gələcək məşqçiyə dəstək verməliyik. Çünki bu komanda onun deyil, hamımızındı.

– Böyük ehtimalla milliyə italyalı məşqçi gətiriləcək. Marko Tardellinin bu posta gələcəyi haqqında məlumatlar var…

– Bir çoxlarının adı hallanır. Bu versiyalar haqqında bir şey demək istəmirəm. Çox güman ki, millimizin baş məşqçisi kim olacaqsa, o 16-da “Bakcell Arena”da baş tutacaq Azərbaycan – Norveç oyununda stadionda olacaq.

Həmin kateqoriyadan