YAZI-FOTO
«Neftçi»nin 3 çempionluq kubokunun yeri bəlli, bəs digərləri haralardadır?

Bu günlərdə paytaxtda cüdo hakimləri və məşqçiləri üçün seminar keçirilib. Tədbirdə 99 ölkədən 370 nümayəndə heyəti iştirak edib. Toplantının Heydər Əliyev adına İdman Sarayında təşkili və buraya ICF prezidenti Marius Vizerlə ACF rəhbəri Rövrəq Abdullayevin qatılması, müzakirələrin yüksək əhəmiyyətliliyindən xəbər verib. Seminarla bağlı əlavə bilgi almaq və qarşıdakı yarışlar barədə məlumat toplamaq üçün Cüdo federasiyasının indi məskunlaşdığı «Neftçi İdman Klubu» İctimai Birliyinə yollandım. Dəhlizdə gözəl guşə düzəldilmişdi. Sol tərəfdə, divar köşkündə Dövlət gerbinin əksi və Azərbaycan himinin sözləri yazılan lövhə, o cümlədən ümummilli lider Heydər Əliyevlə onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin böyük ölçüdə fotosu, cəmiyyətin titullu idmançılarının bu 2 prezidentlə müxtəlif dövrdə çəkdirdikləri şəkillər yer almışdı. Sağ tərəfi cüdoçularımızın daxili və beynəlxalq yarışlarda qazandığı mükafatlar bəzəyirdi. Ümumən, dəhliz büsbütün müxtəlif ölçüdə «qənimətlər»lə əhatələnmişdi – «Neftçi» futbol klubunun Sadıq Sadıqovun prezidentliyi dönəmində sahibləndiyi 3 çempionluq və 2 ölkə kubokundan tutmuş, adi pankrationa qədər. Klubdan bildirdilər ki, bu hələ hamısı deyil, xüsusi otaqda digər kubok və medallar saxlanılır. Bu ictimai birlikdə 36 idman növü fəaliyyət göstərir. Sadıq Sadıqovun rəhbərliyi (2006-dan) dövründə uğurların sayı birə-beş artdığından, təşkilat 8 dəfə (2007-13 və 2016) Gənclər və İdman Nazirliyinin tərəfindən «İlin ən yaxşı idman cəmiyyəti» adına layiq görülüb.

Birdən yadıma son günlərdə KİV-də çıxan «Sadıq Sadıqov «Neftçi»nin mükafatlarına mənimsəyib» mövzusunda yazılar düşdü. Bunun haradan qaynaqlandığını, əsaslandığını deyə bilmərəm. Amma kor kor, gör gör, hər şey yerində idi; təptəzə, par-par parıldayır, göz qamaşdırırdı.
AFFA yanında Media Komitəsinin 2017-ci il yanvar, fevral və mart ayları üçün nəzərdə tutulan layihədə «« Neftçi» – 80: ağ və qara tarix» mövzusunda qaliblərdən biri olaraq, bir müddətdir flaqmanla bağlı məqalələri toplayır, bu istiqamətdə məlumatımı artırıram. 1937-ci ildə Bakıda «qara qızıl» sahəsində çalışanlar «Neftyannik» futbol klubunu yaradıblar. Komandanın adının belə qoyulması paytaxtının adının neft şəhəri kimi şöhrət tapması idi.  Həmin dövrdə rus dili daha işlək olduğundan, həm də «yuxarı»ya xoş getsin deyə, komanda əvvəlcə “Neftyannik”, sonralar «Neftçi» adlandırılıb. Bundan bir il öncə isə, neft zəhmətkeşləri «Neftyannik» İdman Cəmiyyətini təsis ediblər. SSRİ dövründə hər 2 idman qurumu dövlətdən maliyyələşirdi, müstəqillikdə himayəçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) oldu. Yəni, çempionluq kubokunun «Neftçi» futbol komandasının inzibati binasında deyil, «Neftçi İdman Klubu»nda olmasının nə fərqi var? Onsuz da bunların hər ikisi bir yerdən qaynaqlanır; hədəf, istiqamət eynidir.

Sonuncu dəfə 2 il öncə flaqmanın düşərgəsində olmuşam. Bu bazanın girəcəyinin sol hissəsində guşə vardı. Bildiyim qədər, onu da zamanında Sadıq Sadıqov yaradıb. «Neftçi» ümumilikdə 8 dəfə yüksək dəstənin qızıl medallarına sahib çıxıb. Amma orada bu kuboklara rast gəlməmişdim. Üçünün yeri bəlli, bəs digərlərinin? Eşitdiyimə görə, bayraqdarın qazandığı MDB ölkələrinin «Birlik kuboku» da ortada yoxdur. AFFA Rövnəq Abdullayevin prezidentliyi dövründə muzey yaradıb. Muzeyin direktoru Abbas Əzimovdur. Bu düzgün addım idman ictimaiyətində hər zaman təqdir olunur. Muzeydə xeyli ekspanat qocaman həmkarımız şəxsi  kolleksiyasındandır. 80 yaşlı mütəxəssis işinə canla-başla, dürüst yanaşır. Yaxşı olardı ki, Abbas müəllim qədər yaşı olan «Neftçi» də özünə bir muzey yaradar, tarixini unudulmaz xatirələrlə orada əks etdirər, yaşadardı.

Kamran HACI

Həmin kateqoriyadan