Nuripaşa Talıbov: Təəssüf ki, “Knockouts” ağır çəkili boksçusunu gətirməyib

Aprelin 11-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının  12-ci turunda “Baku Fires” ABŞ-ın “Knockouts” klubu ilə qarşılaşacaq. Allsport.az saytının məlumatına görə, bu gün həmin döyüşlə bağlı mətbuat konfransı keçirildi. Toplantıda danışan baş məşqçi Nuripaşa Talıbov bildirdi ki, amerikalılarla görüşdə yalnız qələbə barədə düşünürlər:

«Sabah gərgin döyüşün şahidi olacağıq. Rəqib səviyyəli komandadır. Bir məqama təəssüf edirəm ki, “Knockouts” ağır çəkili boksçusunu gətirməyib. Yuxarı çəkilərdə keçirilən qarşılaşmalar həmişə maraqla izlənilir.

Hazırda “Baku Fires” öz qrupunda 2-ci yerdə qərarlaşıb. Biz artıq növbəti mərhələyə adlamışıq. Pley-offa yaxşı olardı ki, Avropa klubu ilə qarşılaşaq. Çünki qrupda  Amerika qitəsindən olan 4 komanda ilə görüşmüşük. Düzü, davamlı uzaq yol adamı çox yorur.

İndi məqsəd boksçularımızın reytinqlərini yaxşılaşdırıb, Rio Olimpiadasına lisenziya qazanmalarıdır. Hazırkı durumda Məhəmməd Qurbanov (65 kq), Albert Səlimov (60 kq) və Heybətulla Hacıəliyin (64 kq) şansları var. 69 kq-da çıxış edən Pərviz Bağırova gəlincə, o, gərək bundan sonra bütün döyüşləri udsun. Həvəskar boksda da Rio-2016-ya vəsiqə qazanmaq imkanımız var. Braziliyaya nə qədər çox idmançı ilə yollansaq, nəticə, bir o qədər yüksək olar».

 

Həmin kateqoriyadan