Tarix Əlyunussi: ““Çelsi”yə məğlubiyyətdən yaxşı dərs götürdük”

“Bakı məni valeh etdi. Azərbaycanlılar çox mehribandılar”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın futbolçusu Tarix Əlyunussi deyib. Norveçli yarımmüdafiəçi ölkəsinin mətbuatına geniş müsahibə verib. Azərbaycan haqda danışan legionçu əvvəlcə Bakını tərifləyib: “Qarabağ”a keçənə qədər milli ilə bir neçə dəfə Bakıda olmuşdum, amma yalnız otel və stadionları görmüşdüm. Şəhərin infrastrukturuna çox sərmayə qoyulub. Bakıda göydələnlər, gözəl yollar və restoranlar var. Azərbaycanda həyatım yaxşı keçir. Bakının lüks mağazaları olan rayonunda yaşayıram. Açığı, gördüklərim məni yaxşı mənada təəccübləndirdi. “Qarabağ”la imzaladığım müqavilənin şərtlərindən razıyam. Maaşımı vaxtında alıram”.

Təcrübəli futbolçu daha sonra çempionlar liqasının qrup mərhələsində “Çelsi” və “Roma”ya qarşı keçirdiyi oyunlar haqda fikir bildirib: “Çelsi”yə taktiki planda uduzduq. Həmin görüşü biz də 3-5-2 taktiki sxemində keçirdik. Bunu müdafiəçilərimizdən birinin yoxluğunu kompensasiyası üçün etdik. Halbuki, əvvəl bu sxemdə oynamamışdıq. Cəmi 1 dəfə bu taktikada məşq etdik, uşaqlar özlərini rahat hiss etmirdilər. “Çelsi”yə məğlubiyyətdən yaxşı dərs götürdük. “Roma”ya qarşı isə pis oynamadıq. Həmin matçda ənənəvi olaraq, topla daha çox davrandıq. İtaliyalılarla görüşdə heç-heçə etməyə çox yaxın idik. Təbii ki, bu cür matçlar “Qarabağ”a yaxşı təcrübə qazandırır. Unutmayın ki, komandamız ilk dəfədir çempionlar liqasının qrup mərhələsində iştirak edir”.

Apasport.az saytının məlumatına görə, “Qarabağ” azarkeşlərini tərifləyən Tarix adaptasiya prosesinin yaxşı keçdiyini qeyd edib: “Azarkeşlərimiz bütün hallarda bizə dəstək olurlar. Hətta “Çelsi”yə 0:6 hesabı ilə uduzduğumuz matçdan sonra da onlardan xoş mesajlar aldıq. Fanatlarımız çempionlar liqasında çıxış etdiyimiz üçün şaddılar. “Qarabağ”dakı bütün futbolçuları artıq yaxşı tanıyıram, adlarını bilirəm. Azərbaycan dili türk və rus dillərinin qarışığıdır. Rus dilindən dərs almağı planlaşdırıram. Məşqçimiz ingilis dilində bir az danışa bilir.

Komandada çoxlu əcnəbi futbolçu var. Buna görə də, klubda tərcüməçilər fəaliyyət göstərir. İndi-indi forma yığmağa başlamışam. Azərbaycan çempionatında 3 oyunda iştirak etmişəm. Uzun müddət 90 dəqiqə oynamamağım bu matçlarda hiss olundu. Tədricən “artırıram”, amma komandaya tam uyğunlaşmaq üçün bir qədər vaxt lazımdı. Çempionatda 4-2-2-1-1 taktiki sxemində oynayırıq. Mən hücumçunun arxasında yer alıram və həm ona, həm də arxa xəttə dəstək oluram. Mənim üçün bu, yaxşı sistemdir. Amma çempionlar liqasında bu sxemdə oynamırıq. Bəlkə də, “Atletiko” ilə matçda həmin sxemdən yararlanarıq”.

Həmin kateqoriyadan