Ürfan Abbasov “Qəbələ”nin millimizdəki neçənci təmsilçisi oldu?

Azərbaycan milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirib. Allsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmamızın heyətində “Qəbələ”nin 2 futbolçusu da meydana çıxıb.

Start “11-liy”ində yer alıb, matça artırılan dəqiqələrdə əvəzlənən Arif Daşdəmirov millidə 10-cu oyununu keçirib. Bu ilin yayında “Qəbələ”yə keçən müdafiəçi “qırmızı-qaralar”ın təmsilçisi kimi 5-ci dəfə yığmanın formasını geyinib.

Matçın 69-cu dəqiqəsində oyuna daxil olan Ürfan Abbasov isə milli komandada debüt edib. 23 yaşlı müdafiəçi “Qəbələ”nin yığmamızda ümumilikdə 17-ci təmsilçisi olub. Ona qədər 16 futbolçu komandanın üzvü kimi millimizin oyununda iştirak edib.

Onlar arasında rekord Aleksandr Çertoqanova məxsusdur. O, “Qəbələ”də çıxış etdiyi vaxt 13 dəfə millinin formasını geyinib. Vurğun Hüseynov 10, Mahir Şükürov 9 dəfə “qırmızı-qaralar”ı yığmada təmsil edib.

Azərbaycan millisi ilə yanaşı, Avropanın daha 5 yığması – Sloveniya, Latviya, Serbiya, Bosniya və Herseqovina, Estoniya da “Qəbələ”nin futbolçularının xidmətindən yararlanıb. Klubu bu komandaların hərəsinə 1 futbolçu göndərib.

Qeyd edək ki, Azərbaycan millisinin tarixində “Qəbələ”nin ilk futbolçusu Vurğun Hüseynov olub. O, 2010-cü il martın 26-da Moldova ilə Avstriyadakı yoldaşlıq oyununda (1:1) meydana çıxıb.

Həmin kateqoriyadan