- Baxış sayı: 151
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Bəxtiyar Məmmədov | batyyar@mail.ru
Milli çempionat ekvator xəttini keçdi
Milli futbol çempionatında klublar qısa “qış yuxusu”na getdilər. Mövsüm yanvarın 30-da 19-cu turun oyunları ilə bərpa olunacaq. Yeni ilə qədər istirahətə yollanan və planlarını bir daha nəzərdən keçirən klublar üçün hazırlıq dövrü qısa, lakin çox vacibdir. Çünki hər birinin dəyişməyə, yenilənməyə kəskin ehtiyacı var.
Komandalar fasiləyə mövsümün gözlənilən iki liderinin və bir də milli futbolumuzun rəqabət rəmzi saya biləcəyimiz iki əzəli rəqibin dueli ilə yola salındılar. Nəzəri liderlərin duelində qələbə daha çox “Qəbələ”yə lazım idi. Çünki artıq prinsipial rəqibini çox irəli buraxdığından, üz-üzə mübarizədə üstünlük 6 xala bərabər idi – 3-nü özü qazanacaqdı, 3-nü isə rəqibi itirəcəkdi. Gəncədə isə “Neftçi”ni qəbul edən “Kəpəz” bir anlıq 90-cı illərin ab-havasını yaşatdı. Qol da var idi, cəza da, azarkeş də, hərarət də, rəqabət də və həmişəki kimi, tez-tez dəyişən oyun ritmi də. Bircə psixoloji gərginlik bir az əvvəlki təbindən aşağı göründü. Bu da tet-a-tet duelsiz keçən ötən illərin təsirindəndir.
Ümumidən xüsusiyə və əksinə
Söhbəti turnir cədvəlinin ortaya çıxardığı bəzi mətləblərlə davam etdirək. Ötən həftələrdə “Qarabağ”ın Avrokubok mübarizəsi səbəbi (əslində, bəhanəsi) ilə əyləcləri basmaq məcburiyyətində qaldığı vaxt rəqiblər bundan istifadə edib yaxınlaşma kursu götürə bilmədilər – uçurumun dərinləşməsi aram-aram davam etdi. Əlbəttə, qış fasiləsindən sonra yarış marafonunda keçilən qədər də yol qalacaq. Ağdam klubunun ənənəvi eniş-yoxuşlu dövrlərinin mövsümdən mövsümə təkrarlandığını nəzərə alsaq, rəqiblərin yetişməsi və onu haqlaması da qeyri-real hadisə olmayacaq. Əlbəttə, hazırkı səviyyə ilə buna hər hansı birinin qadir olması şübhə doğurur. Yəqin ki, əsas potensialı olan yaxın komandalar, xüsusən də “Qəbələ” çempionluq iddiasından erkən əl çəkməsə, qış fasiləsi dövründə rəqabətin kəskinləşməsi reallığa çevrilə bilər. Qəbələnin eyniadlı təmsilçisi baş məşqçisi ilə müqavilə müddətini bir il də artırıb. Bu, etimad göstəricisidir. İndi o, qollarını çırmayıb işinə daha ürəklə, fərəhlə girişə bilər. Bunun üçün özünün gətirdiyi qaydalar və oyunçular da daxil olmaqla, bəzi yeniliklər edilməli, ən əsası, Azərbaycan futboluna münasibət dəyişməli və bir də, daha səviyyəli futbolçular gətirilməlidir. Bir sözlə, Avropa ya Çempionlar liqaları olmasına baxmayaraq, komandadan gələn il fərqli nəticələr tələb olunacaq. Axı, bu il çox mürəkkəb qrupda yer alsa da, hər kəs “Qarabağ”dan qrup səddini aşmasını gözləyirdi. Buna illərlə gözləməyə məcbur edilmiş azarkeşin haqqı var və həm də zaman göstərdi ki, “Qarabağ”ın da imkanı, gücü çata bilərmiş.
Bu tədbirlərlə futbolumuzda 10 ildən artıqdır davam edən yeniləşmə, nəhayət, bir məntiqi sonuna yetişməlidir. Axı, nə AFFA-nın, nə də PFL-in büdcəsi az deyil. Bu imkanlar 10 il ərzində futbolumuzu nəticələrə olmasa da, ümidələrə çatdırmalı idi. Artıq, bu dalğa, bu yanaşma ilə bütün futbolumuz – federasiyalar, cəmiyyətlər, klublar və başqaları qarşısında tələblər daha ciddi olmalıdır. Hərçənd bu gün klublarımızın düşdüyü vəziyyət vaxtilə əsl futbol ticarəti, oyunçu transferləri, futbolçu yetişdirilməsi, perspektivli və təcrübəli əcnəbilərdən ibarət heyətin qurulması, reklam və menecment işi və s. ilə bağlı iqtisadi özüllərin möhkəmləndirilməsi barədə iradlarımızın əks etdirdiyi mənzərədən çox uzağa getməyib. Amma Avropa liqası barədə son icmalımızda klublarımızın nəyisə mənimsəmək, nəyəsə nail olmaq, hansısa qərarı vermək üçün son şansı olduğunu qeyd etmişdik. Çünki bu dəfə də nəticə çıxarılmasa, növbədə durğunluq və geriləmə olacaq.
Klub güzgüsündən boylanan Avropa
Yəqin ki, dövrələrarası fasilə müddətində hər klubun əsas niyyəti, mənzili bəlli olacaq. Turdan-tura izlədiyimiz mənzərə klublarımızın əvvəlki illərlə müqayisədə rəqabətdə nələri itirdiklərini əyani göstərdi. Bütün ümidlər iki Avrokubok iştirakçısına yönəlsə də, onların iki cəbhədə oynamağa cəsarət tapa bilməmələri şübhələrə zəmin yaratdı. Hətta rəqiblərin indiki vəziyyətində belə, Avroliqa-çempionat bölgüsünü apara bilmədilər.
“Qarabağ” üçün bu məsələ ilə bağlı əsas problem yeni oyunçuların, Avropa səviyyəsi ilə müqayisədə, yerinin bəlli edilməməsi, kluba uyğunlaşmaması və buna görə də normal rotasiya prinsiplərinin tətbiq edilməsinin mümkünsüzlüyü ilə bağlı idi. Amma “Qəbələ” üçün, əməli olaraq, yaşıl işıq var idi. Baş məşqçi Avropada əsasən (daha doğrusu, yalnız) əcnəbilərə güvəndi. Daxili yarışlarda isə, limit səbəbilə, yerli futbolçulardan faydalanmalı olurdu. Amma, əslində, proporsionallığı pozan bu yanaşma komandanın daxili arenada bugünkü uğursuzluqlarına yol açdı. Axı, bu gün Avropada üstünlük verilən futbolçularla müqayisədə yerlilərin imkanları heç də aşağı sayıla bilməz. Əksinə, bəzi məqamlarda onlardan daha səmərəli istifadə etmək mümkün idi. Məşqçinin hətta son görüşdə belə, onlardan faydalanmaması çox mətləbləri üzə çıxarır. Axı, həmin məqamda o, ehtiyat saydığı qüvvənin bəzi oyunçularına meydan verə bilərdi. Bu səbəbdən, daxili nizam-intizamda da əyər-əksikliklər var və bu, meydanda özünü daha çox büruzə verir. Təkcə, “Qarabağ”la matçda “Qəbələ”nin təzadlı oyunu buna misal ola bilər. Klubu ümidlə alınmış oyunçuların tərk etməsi isə dediklərimizə əyani sübut və klub rəhbərliyinin seçimidir.
“Qarabağ” dəyərlərini yenidən qiymətləndirsə, heç də pis olmaz. Çünki komanda yeni səviyyəyə qalxmaq ərəfəsində olduğu bir vaxtda yerində sayarsa, məcburən, bu aqibətlə üz-üzə qalanda, çox şey itirə bilər. Əksinə, indidən uyğunlaşmaya başlasa, digər klubları, ümumən, futbolumuzu öz arxasınca darta bilər. Bu mənada, “Qəbələ”nin ona dəstəyi çox vacibdir.
Vəziyyəti Rusiya futbolu ilə müqayisə etmək olar. 90-cı illərdə meydanda tək qalan “Spartak” məhz dəyərlərini doğru qiymətləndirə bilmədiyi üçün uçuruma yuvarlandı, lakin sonra da bir neçə klubun yüksəlişi, maddi-texniki, bazaya ayrılan diqqət, menecmentin sərrastlığı ilə yeni temp götürüldü, “yoldaşından qalma geri” prinsipi ilə sağlam rəqabət quruldu və bu gün ölkədə yeni futbol ab-havası hökm sürür. Çatışmayan yeganə cəhət bu infrastrukturda yerli futbolçu yetişdirilməsinə diqqət ayrılmamasıdır.
Təzadlı yarışda
Bu qlobal mövzudan keçək ölkə çempionatına. Artıq Avropa macərası başa çatıb və bütün işlər növbəti Avropa miqyası baxımından qiymətləndirilməlidir. Həmişəki kimi, “Qarabağ”la “Qəbələ” orta Avropa səviyyəsində qalmaqla, güclənməyə meylli olsalar, bu, yaxşı başlanğıc sayıla bilər. Ümumiyyətlə, qış fasiləsi bu dəfə, əvvəlki illərdən də çox diqqətçəkən olacaq. Çünki hamısı – hərəsi öz yorğanına görə olsa belə – dəyişməlidir.
Klublar imkanlar və potensiala, sabaha ümidinə görə, aşkar iki qütbə bölünüblər. Ən maraqlısı və çempionatın qəribəliyini aşkar göstərən də, bu qütblərdə olan komandaların bir-birinə qarışmasıdır. “Qarabağ”dan sonrakı yerdə, maliyyə vəziyyəti və buna görə qarşıdakı dövrdə hansı səviyyədə olacağı bilinməyən “İnter” ikinci pillədə qərar tutmaqla, “Qəbələ”dən, həmçinin vəziyyəti sabit olan “Zirə” və “Kəpəz”dən, eləcə də təhlükə ilə üz-üzə olmayan, lakin büdrəmiş “Neftçi”dən də yuxarıda qərar tutub. Yalnız futbolçu şövqü – entuziazmı üzərində qurulmuş oyunla komanda bu qədər irəliləyibsə, bunun səbəbkarları sırasında rəqiblərin xüsusi yeri və “zəhmət”i var. İndi klub rəhbərliyi ciddi səy göstərməlidir ki, beynəlxalq futbol qurumunun ciddi təhdidlərindən yaxasını qurtara bilsin. Əks təqdirdə bu klubu da “Xəzər Lənkəran”ın büründüyü ab-hava gözləyir. Cənub təmsilçisi ilə bağlı vəziyyəti xilas etməyə qadir qüvvələr varsa, “beynəlmiləlçilər” üçün bu, əcəl zənginə çevrilə bilər. Bu xüsusda ümidverici məqamlardan biri AzAL-la “Sumqayıt”ın, nəhayət, uçurumdan qurtulmaq üçün, cüzi olsa belə, irəliləyişə nail olmalarıdır. Hərçənd bir ara heç qol vurmağa da taqəti olmayan “təyyarəçilər”, həmçinin durğunluqdan çıxa bilməyən “Sumqayıt”ın vəziyyəti bu fasiləyə qədər davam etsəydi, çempionatın səviyyəsi əməlli zərbə yeyəcəkdi. Çünki ölkənin daxili yarışının səviyyəsi güclülərlə deyil, ortabablarla müəyyənləşir.
Çox təəssüf ki, autsayder durumunda olan komandalardan “Xəzər Lənkəran”ın düşdüyü vəziyyət gündən-günə ümidsizləşir. Əslində, gur azarkeş ordusu olan regionda yerləşdiyindən, klubun vaxtında söz açdığımız problemləri, ən vacibi, işə yanaşma tərzi aradan qaldırılmadı. Bu gedişlə maddi-texniki bazası günün tələbləri çərçivəsində yüksək səviyyədə olan “Xəzər Lənkəran”ın talesiz sələfləri sırasına qoşularaq, mövcudluğuna faktiki son qoyulması reallığa çevrilə bilər. Axı, məlum məsələdir ki, aşağı divizion klublarımız üçün bataqlıqdır.
Təəssüf doğuran daha bir məsələ digər debütantlar kimi, “Rəvan”ın da hələ özünə gələ bilməməsidir. Doğrudur, komandanın elitaya qoşulması sürpriz nəticəsində baş verdi, amma ilk dövrlər nəticələr ümidverici idi. Lakin sonradan “Muğan”lı-“Rəvan”lı dövrlərin bənzər problemləri vəziyyətin yenə dəyişmədiyini göstərdi. Bu, klubun hələ də keçmiş dərslərdən ibrət götürmədiyinin əyani göstəricisidir.
Söz yox ki, bu gün ortabab libasına bürünmüş “Neftçi” ilə yanaşı, uğurlu debütantların – “Zirə” ilə “Kəpəz”in yüksəlmək fürsəti realdır. Yuxarı mövqedə olan lider funksiyalı cütlüyün qeyri-sabit oyunu onlara dəfələrlə şans verib. Lakin Avropa mövsümü başa çatdığından, onlarla ayaqlaşmaq üçün bu üçlük sıralarına nəzər salmalıdır. Üstəlik, debütantlar bunu fürsət kimi dəyərləndirib, Avropa arenasına çıxmağa cəhd etməyə real namizəddirlər. Hərçənd tam aşkar rəqabət üçün heyətin gücləndirilməsi qaçılmazdır. “Neftçi” isə özünə dönmək üçün, yenidənqurma olmasa da, əsaslı dəyişikliklərə əl atmalıdır. Axı, bəzən təzə qan da yeni ruh yarada, ovqatı yüksəldə bilir.
Göründüyü kimi, qış fasiləsi hər bir klubun qarşısında dəyişmək zərurətini yaradıb. Özü də son illər ilk dəfə bütün klublar üçün bu, zəruri gedişə çevrilib. Bundan kimin necə yararlanacağını zaman göstərəcək (“İdman”).