İlham Əliyev: “Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər” 

Ölkə başçısı İlham Əliyev, Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında uğurlu çıxış edən sərbəst, yunan-Roma və qadın güləşçiləri qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, milli komandalarımızın nəticəsini yüksək dəyərləndirib:

“İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir.

Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər.

Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları”.

Həmin kateqoriyadan