Bakı-2015 alovu Şirvan və Hacıqabulda oldu

Bakı 2015 Avropa Oyunlarının Alovunu bu gün Şirvan və Hacıqabul şəhərlərinin sakinləri salamlayıblar. Allsport.az xəbər verir ki, yayı çox quraq keçən mülayim isti iqlimi olan Şirvan şəhərinin əvvəlki adları şəxsiyyətlərlə bağlı olub. 1938-ci ilə qədər onu rus generalı Valerian Zubovun şərəfinə Zubovka adlandırıblar. Sonrakı adı bolşevik Əli Bayramovun xatirəsinə Əli Bayramlı olub. 2010-cu ildə isə şəhərə yerləşdiyi tarixi vilayətin adı verilib. Azərbaycanın energetika mərkəzlərindən olub Avropada ən böyük açıq tipli DRES-in fəaliyyət göstərdiyi şəhər kimi tanınan, həmçinin neft-qaz sənayesinin inkişaf etdiyi Şirvan həm də zəngin təbiəti ilə məşhurdur.

Məşəl estafetinin iştirakçıları Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşən Şirvan Milli Parkının bu şəhərə düşən hissəsində, İsmət Qayıbovun adını daşıyan parkda oldular. Burada onlar qorunan yerli flora və fauna ilə tanış oldular. 55 min hektara yaxın ərazisi olan Milli parkda 65 növ quş, 17 növ sürünən, 4 növ suda-quruda yaşayan, eləcə də bir sıra heyvanat aləmi nümunələri arasında Azərbaycanın “Qırmızı kitabı”na düşmüş ceyranlar da var. Burda xatirə şəkilləri çəkdirildikdən sonra, estafet iştirakçıları Şirvan şəhərinə yollandılar.

Ötən əsrin ilk yarısından Şirvan Azərbaycanın inkişaf edən idman potensialının öncülərindən olub. XIX əsrin 30-40-cı illərində güləş,eləcə də futbol, voleybol, boks idman növləri də geniş inkişaf etdirilirdi və qısa müddətdə respublikada tanınan idmançılar da yetişdirildi. 20-dən artıq SSRİ idman ustası yetişdirmiş şəhərin ən məşhur idmançılarından Tərlan Əhmədov 1990-cı ildə SSRİ-nin yeniyetmə futbolçulardan ibarət seçmə komandasının tərkibində Avropa çempionu olub. Ümumiyyətlə, şəhərdə 3 dünya və bir o qədər də Avropa çempionu yetişib. Futbolçu Səmədağa Şıxlarov isə SSRİ olimpiya seçmə komandasının heyətində çıxış edib, qol vurub.

Müasir idmanı gündən günə zənginləşən və yeni olimpiya idman kompleksi ilə imkanları bir qədər də artan Şirvan şəhərində yürüşü rəqs müəllimi Cavid Ziyadi Heydər Əliyev prospektində başladı. Ümumən 3,8 km məsafə boyunca estafet Naxçıvan, Məhəmməd Əmin Rəsulzadə küçələri ilə davam edən yürüşdə tədris mütəxəssisi Rövşən Allahverdiyev, bədən tərbiyəsi və idman müəllimləri Əvəzağa Qarayev və Rövşən Azadov, tibb işçisi Ayşən Həşimova, mədəni işlər təşkilatçı Nurlan Qədimov, idmançı Rasim Quliyev, voleybolçu Mehriban Nəcəfova, maarif işçisi Mehriban Zərbəliyeva iştirak etdilər. Təlim-tədris mütəxəssisi Aydın Alıyev Heydər Əliyev meydanında quraşdırılmış tribunada alov çırağını yandırdı, karate üzrə yeniyetmələr arasında Avropa və dünya çempionu Fərid Abbasov onu şəhər ictimaiyyətinə təqdim etdi.

Məşəl estafetinin iştirakçısı Rövşən Allahverdiyev həm yürüş, həm də Avropa Oyunları ilə bağlı ürək sözlərini belə ifadə etdi: “Bu gün Şirvanda, sözün həqiqi mənasında, bayramdır. Azərbaycan qısa müddət ərzındə elə bir inkişafa nail olub ki, artıq idman ölkəsi kimi, ən böyük yarışların nümunəvi təşkilatçısı kimi ad çıxarıb. Avropada ilk dəfə keçiriləcək Avropa Oyunları buna ən gözəl sübutdur. Bir Şirvan sakini kimi, 10 məşəlçidən biri olduğum uçun qürurluyam. Axı, bu böyük şərəfdir. Gün olsun belə məşəlləri işğal edilmiş torpaqlarımızda alovlandıraq, belə böyük idman bayramlarını həmin torpaqlarımızda keçirək. Qoy bu Oyunların məşəlinin nuru daim Azərbaycana uğur gətirsin”.

Şirvan Heydər Əliyev meydanında keçirilmiş qarşılama mərasimi zamanı yerli sakinlərə Birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumat verildi. Yeniyetmə və gənclər Bakı 2015-in canlı rəmzlərinin əhatəsində maraqlı vaxt keçirdilər.

Sonra məşəl Şirvana səyahətini başa vuraraq, sonrakı ünvanı – Kür-Araz ovalığının cənub-şərqində yerləşən özünəxas xalçaçılıq məktəbi ilə tanınan, əl ilə toxunmuş “Sarı xalça”sı ilə məşhur olan Hacıqabula üz tutdu.

İqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlim olan Hacıqabulda yerləşən eyniadlı göl maraq doğurur. Kürün daşmasından qidalanan və dərinliyi 5 m-ə çatan göl köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir.

Adının mənası “Allah Həcc ziyarətini qəbul etsin” olan Hacıqabulun tarixi adı bir müddət şəxsiyyətlə bağlı olub. Sovet hökuməti Hacıqabulun adını dəyişərək, ona kommunist rəhbərlərdən olan Qazı Məmmədin adını vermişdi. Rayon yol üstündə yerləşdiyindən əhalisi əsasən gəlmələrdir.

3,9 km məsafəni əhatə edən estafeti şəhər tağının yerləşdiyi general Məhəmməd Əsədov küçəsində boksçu şagird Əli Rüstəmov başladı. Sonra İsmət Qayıbov küçəsi boyunca onu məşqçi-müəllim Teyyub İsmayılov, kikboksinq üzrə məşqçi Bədəl Bədəlov, sahibkar Elvin Rəcəbov, xəritəşünas Dilavər Əzizov, ictimai fəal Daşqın Nağıyev, bədən tərbiyəsi və idman müəllimiləri – ehtiyatda olan zabit Emin Məmmədov, Samir Muradov və Ramil İbişov daşıdılar. Axşım saatlarında Heydər Əliyev meydanında qarşılanma mərasiminin keçirildiyi yerə məşəli sonuncu etsafetçi karate kobudo məşqçisi Elnur Şəfiyev gətirərək, səhnəyə qalxdı. Məşəlin alovu ilə yandırılan çırağı gənc voleybolçu Ayşən Şükürova şəhər ictimaiyyətinə təhvil verildi.

Burada səmimi söhbət əsnasında rayon əhalisinə Avropa Oyunları ilə bağlı məlumatlar verildi. Bu Oyunların Avropa və Azərbaycan üçün əhəmiyyətindən danışıldı. Bakı 2015-in canlı rəmzləri ceyran və nar yerli gənclərin diqqət mərkəzində oldu.

Məşəl estafetinin iştirakçısı Teyyub İsmayılov izdihamlı mərasim barədə təəssüratlarını bölüşdü: “Bir rayon sakini, bir idmançı kimi, qələbəlik şəraitində rayonumuzu təmsil edib, bu sevincli anları yaşadığım üçün, əlbəttə, qürurluyam. Cəmi bir neçə dəqiqəlik, bir neçə saatlıq bu prosesə qoşulsaq da, o, həmişə xatırlanacaq, nəsillərə yadigar qalacaq bir tarixçə olacaq. Belə bir möhtəşəm idman hadisənin ölkəmizdə keçirilməsi, hələ üstəlik, bölgələrin də bu böyük idman həyəcanına qoşulması xalqın ruhunu gücləndirir. Çünki bu Oyunlar dövlətin düzgün siyasətinin nəticəsində mümkün olub və sabaha xoş müjdəmizdir. Konkret yarışlara gəlincə, yunan-Roma güləşi məşqçisi kimi, yetirmələrimlə birgə, Bakı 2015-də pəhləvanlarımıza dəstək olacaq, onları irəli səsləyəcəyəm”.

Sonra məşəlin rayonla tanışlığı oldu. Qeyd edək ki, Böyük İpək Yolu üzərində yeləşən ərazinin qədim tarixi var. Buna Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etməsi işarədir. 5 min ilə yaxın yaşı olan Hacıqabul bu gün sürətlə inkişaf edən bölgələrdəndir. Bütün ölkədə olduğu kimi, bu rayonda həyata keçirilən bir çox layihələrdə Heydər Əliyev Fondunun imzası var. Fondun dəstəyi ilə inşa edilmiş məktəblərdən birində keçirilən görüş də məşəlin Azərbaycan səyahəti zamanı dərs otağına ilk səfəri oldu.

Görüşlər başa çatdıqdan sonra, estafet iştirakçıları Kür mənsəbindən Araz çayı boyunca davam etdirərək, sabah, mayın 6-da əvvəlcə Saatlıda olacaqlar, axşam saatlarında isə Sabirabadda böyük Alov Festivalı təşkil olunacaq.

Həmin kateqoriyadan