Elçin CƏFƏROV
Futbolun inkişafı ölkənin yüksəliş tempindən geridə qalır

Elcin Cəfərov | elchinjafarov@mail.ru

Uşaq futbolunun hazırkı durumunu da qənaətbəxş saymaq mümkün deyil

Yeni müstəqillik tarixində keçdiyi tərəqqi yolu ilə uğurlu nümunənin əsasını qoyan, inkişafın özünəməxsus modelini yaradan Azərbaycanda bu gün özünün intibah dövrünü yaşayan sahələrdən biri də idmandır. Üçrəngli bayrağımızın bu gün  mötəbər beynəlxalq idman yarışlarında ən uca zirvədə dalğalanması, xalqımıza qələbə sevinci bəxş edən idmançıların sırasının gündən-günə genişlənməsi bunun ən real təsdiqidir. Qeyd edilənlər idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsindən doğan hal olmaqla, uşaq və gənclərin fiziki,  mənəvi cəhətdən kamilləşməsində də müstəsna rol oynayır.

Təqdirəlayiq haldır ki, bu gün idmanın inkişaf səviyyəsinə görə Azərbaycan dünyada irəlidə gedən ölkələrdən biri kimi tanınır, qəbul olunur. Azərbaycanda inkişafına diqqət yetirilən idman növləri sırasında komanda oyunları da hər zaman ön planda yer alıb və belə qəbildən olan idman yarışlarında ölkəmizin təmsilçilərinin qazandığı nailiyyətlərin sayı az deyil.

Komanda şəklində idman növlərindən bəhs edərkən heç şübhəsiz ki, diqqət ilk növbədə futbola yönəlir. Danılmaz həqiqətdir ki, futbol öz populyarlığına, auditoriyasının sayına görə digər komanda idman oyunlarını çox geridə qoyur. Bu mənada Azərbaycanda futbolun inkişaf etdirilməsi həm də günün vacib tələblərindən biri kimi çıxış edir və bu sahədə görülən işlərin miqyası az deyil.

Ümumiyyətlə, Azərbaycanda futbolun özünəməxsus cəhətləri ilə seçilən ənənələri mövcuddur. Ötən əsrin əvvəllərindən etibarən ölkəmizdə yaradılmağa başlayan futbol klubları bu sahədə başlanacaq uzun bir tərəqqi yolunun əsasını qoydu. Elə həmin dövrdən  ölkəmizdə futbol sürətlə populyarlaşmağa, özünə çoxsaylı azarkeş ordusu toplamağa başladı. Yaradılan futbol komandalarının sayı sürətlə artdı, keçirilən yarışlar təkcə ölkə miqyasında məhdudlaşmadı, Azərbaycan futbolçuları əcnəbi komandalarla da güclərini sınadılar, xeyli qalibiyyət əldə etdilər. Yaşlı nəsil 1966-cı ildə SSRİ çempionatında “Neftçi” futbol klubunun bürünc medal qazanmasını indi də  böyük fərəhlə xatırlayır. Eyni zamanda, bəzi futbolçularımız SSRİ yığma komandasının əsas üzvləri sırasında yer alırdı.

“Ən yaxşı məşqçi” millimizi 12 pillə geri atdı

Azərbaycanda müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi, idmanda, o cümlədən futbolda da tənəzzül müşahidə olunmağa başladı. Təəssüf ki, bu tənəzzül uzun müddət üçün özünü göstərdi və onun fəsadlarının əslində bu gün də tam aradan qalxdığını söyləmək mümkün deyil. Məsələ bundadır ki, bütövlükdə Azərbaycan idmanının inkişaf tempi ilə ölkəmizdə futbolun mövcud tərəqqisi  arasında tərsmütənasiblik var. Başqa sözlə, futbolun inkişaf göstəriciləri ölkənin indiki yüksəliş tempindən nəzərəçarpacaq dərəcədə geridə qalır.

Futbol üzrə milli komandamız son 20 ildə  8  baş məşqçi dəyişib. Öz postunda uzun müddət qalan isə ötən ilin oktyabr ayında millimizin sükanı arxasından istefa verən almaniyalı Berti Foqts olub. AFFA rəhbərliyi B.Foqtsun “ən yaxşı məşqçi” olacağını vəd edir və onun gəlişi ilə “Azərbaycan futbolunda böyük dəyişikliklər başlayacaq” qənaətində idilər. Həqiqətən də dəyişiklik baş verdi: ancaq müsbət deyil, mənfi mənada. Belə ki,  onun təyinatı vaxtında  FİFA reytinqində 119-cu pillədə yer alan komandamız hazırda 131-ci pillədə qərarlaşıb. Yəni, almaniyalı çalışdırıcının 6 illik fəaliyyəti dövründə bir neçə pillə irəli getsək də, sonrakı illərdə nəinki yerimizdə saymışıq, hətta 12 pillə geriyə qayıtmışıq.

Bunun nəticəsidir ki, futbolçularımızın oyunları da istənilən səviyyədə deyil, Azərbaycan futbol klubları isə hələ də beynəlxalq miqyasda hansısa ciddi uğurları ilə yadda qalmır. İstisna hal kimi bu gün üçün “Qarabağ” klubunun adını çəkmək olar. Lakin onun haqqı da bəzən qərəzli yanaşmanın qurbanı olur və  Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda baş tutan “Qarabağ” – “İnter” görüşündə vurulmuş qolun oyunu idarə edən hakimlər briqadası tərəfindən hesaba alınmaması bunun ən real nümunəsi sayılır. Nəticədə komandamız yarışda mübarizəni dayandırmalı oldu. Düzdür, UEFA hakimlərin səhvini etiraf etdi, amma qərəzli yanaşma komandanı vacib yarışdan kənarda qoydu.

Klubların “onurğa sütunu” olan uşaq futbolu zədəlidir

Daha bir təəssüf doğurucu hal odur ki, digər futbol komandalarımız beynəlxalq əhəmiyyətli yarışlarda hansısa vacib uğurun müəllifi deyillər. Halbuki idmanın bir növü olaraq futbolun inkişafına dövlət qayğısı kifayət qədər yüksək səviyyədədir. Həmçinin, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, bu idman növünün elmi-metodiki və normativ-hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə  “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.  Məhz bu proqramda  futbolun inkişaf istiqamətləri müəyyənləşdirilib, ona uyğun olaraq  müasir standartlara cavab verən infrastrukturun yaradılması həyata keçirilib və hazırda bu proses davam edir. Təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması,  futbol üzrə tədris proqramlarının işlənib hazırlanması, milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, klub komandalarının isə qitə turnirlərində iştirakının təmin edilməsi, ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması, futbolun inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər bu qəbildən olan  məqamlar proqramın əsas istiqamətləri sırasında yer alır. Qeyd edilən yönümlər  üzrə bu vaxta qədər müəyyən işlər görülüb, ancaq real vəziyyət görülən işlərin tam yetərli olmadığını göstərir.

Bunu uşaq futbolunun nümunəsində aydın şəkildə müşahidə etmək mümkündür. Xatırladaq ki, yuxarıda adıçəkilən proqramın əsas məqsədlərindən biri də uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaqdır. İdman mütəxəssislərinin dili ilə desək, uşaq futbolu hər bir peşəkar klubun “onurğa sütunu” hesab edilir. Bir çox səviyyəli oyunçuların məhz məhəllə futbolundan çıxdığı da hamıya məlumdur. Amma onların futbol vərdişlərinə yiyələnməsi, biliyini zənginləşdirməsi və daha geniş məkanda nümayiş etdirməsi üçün şərait yoxdur. Dünya təcrübəsi də göstərir ki, hər bir  klubun peşəkarlaşması üçün uşaq komandalarına malik olması, bu idman növünü azyaşlılar və yeniyetmələr arasında inkişaf etdirməsindən keçir.

Perspektivli futbolçunu üzə çıxarmaq üçün əsas amillərdən biri uşaqlar arasında yerli, regional və ölkəmiqyaslı yarışlar təşkil etməkdir. Lakin ölkəmizdə uşaq futbolunun tərəqqisində mövcud durumu qənaətbəxş saymaq hələ ki mümkün deyil. Bunun ən real təsdiqi uşaq-yeniyetmə futbol məktəblərinin yetirmələrinin sonradan əsas komandalarda yer almamasıdır. Başqa sözlə, uşaq-yeniyetmə futbol məktəblərinin yetirmələri əksər vaxtlarda ya futboldan uzaq düşür, ya da istənilən nəticəni göstərmirlər.

Futbol üzrə milli komandamızın sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev bu problemlə bağlı söhbətimizdə qeyd etdi ki, dünyada keçid dövründə uşaq futbolunda faizlərə bölünmüş itkilər kifayət qədər olur: “Dərəcə çox aşağı səviyyədə olduqda, bu komandada siyasətin düzgün qurulmadığını göstərir. Azərbaycanda da bu problem çox fərqlidir. Çünki aşağı yaş qruplarında qısa zaman kəsiyində nəticə tələb olunur. Klubların uşaq futbolu ilə bağlı xeyli problemləri var. Bir klubda baza, meydança yoxdursa, hansı uşaq futbolundan danışmaq olar? Bu gün ölkəmizdə müxtəlif yaş qruplarında çempionatlar təşkil olunur. Hər hansı bir yeniyetmə futbolçuya 15 yaşlılarda özünü göstərə bilmədikdə, 17 yaşlılardan ibarət komandada çıxış etmək imkanı yaradılır. Yəni, özünüsübut üçün şans olur. Bu gün 100 nəfər futbolçudan 20-30 nəfərinin güclülər dəstəsində oynaması mümkün deyil. Səbəbləri isə çoxdur. Belə ki, bir qrupu hərbi xidmətdən qayıtdıqdan sonra futboldan uzaqlaşır, bir qrupu da məşqçilərin düzgün yol göstərməməsi ucbatından bu sahədə itib-batır. Legioner futbolçuların çoxluğu da yeniyetmə futbolçuya şans tanınmamasının əsas səbələrindən biri kimi göstərilə bilər. Yəni, bütün bunları sadaladıqda, ölkəmizdə bu sahədə 80 faizə qədər itkinin olduğu göstərilir. Bu da heç yaxşı hal deyil. Bir faktı da qeyd edim ki, U-15 milli komandasından U-16-ya  keçid prosesində 30 futbolçudan cəmi 2-si yer alır. Bir il müddətinə 28 futbolçunun, yəni 93 faizin “itməsi” çox neqativ haldır. Seleksiya işinin  burada çox önəmli olduğu nəzərə çarpır. Hər bir sahədə olduğu kimi, burada da peşəkar məşqçilərin olması çox vacibdir”.

Legioner futbolçunu yalnız maddi mənfəət maraqlandırır

Uşaq-yeniyetmə futbol məktəblərinin  yetişdirmələrinin əsas komandaya gəlib çıxmamaları sonda komandalara çoxsaylı əcnəbi futbolçuların cəlb olunmasına gətirib çıxarır. Böyük vəsait hesabına klublarımıza cəlb edilən belə legionerlər çox vaxt onlardan olan gözləntiləri də doğrultmurlar. Bu gün dünyanın aparıcı klublarında forma geyən dünya səviyyəli futbolçular var. Həmin komandalar bu oyunçuları transfer etməklə həm uğurlu nəticələr qazanır, həm də yerlilər bu futbolçudan nəsə öyrənir, götürürlər. Bunu Leonel Messi, Kriştiano Ronaldu və başqa futbolçuların   timsalında açıq şəkildə görmək mümkündür. Sözsüz ki, burada “klas” fərqi də özünü açıq şəkildə büruzə verir.

Təəssüflər olsun ki, Azərbaycanda bu proses tam tərsinədir. Halbuki bu legionerlərin əvəzinə öz gənclərimiz olsaydı, uşaq-yeniyetmə futbol məktəblərinin yetirmələrinin əsas komandalara cəlbi həyata keçirilsəydi, nəticə də başqa olardı. Ən azından qalibiyyət üçün istənilən azərbaycanlı daha çox səy göstərir. Burada millilik, azərbaycançılıq, Azərbaycanın adının ucalması diqqət mərkəzində yer alır. Əcnəbi futbolçunu isə şübhəsiz ki, daha çox maddi məqamlar, mənfəət maraqlandırır. Burada hansısa milli təəssübkeşlikdən də söhbət gedə bilməz. Bu mənada əcnəbi legionerlərin cəlb olunması zamanı onun səviyyəsi, Azərbaycan adının ucalmasında nə dərəcədə maraqlı olması da xüsusi diqqət yetiriləsi məsələdir. Belə legionerlərdən uşaq-yeniyetmə futbol məktəblərində yetişənlər də müsbət cəhətlər əxz edə bilər.

Milli komandamızın sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da söhbətində bildirdi ki, bu gün klublarımızın ən  böyük problemi legioner futbolçuları dəvət edərkən onun hansı səviyyədə olmasına diqqət yetirilməməsidir: “Legionerləri dəvət edərkən komandaya hansı dərəcədə fayda verəcəyi ciddi şəkildə təhlil olunmalıdır. Çünki yeniyetmə futbolçularımız  onlara baxanda nəsə öyrənməlidir. Təəssüflər olsun ki, bir çox klublarımızda bunlara riayət edilmir. Öz dəyərindən dəfələrlə çox qiymətə pul ödəyib legionerlər transfer edilir. Gəlmə futbolçular ancaq maddi tərəfi düşünürsə, ondan heç bir uğur və xeyir gözləmək mənasızdır. Ən əsası da transfer edilən legionerlər öz oyunları ilə stadiona azarkeş  cəlb etməlidir. Necə ki bu gün azarkeşlər “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldonu izləmək üçün stadiona axışır. Futbolçu da bilir ki, azarkeşlər onun üçün stadiona gəlib. Bu zaman keyfiyyətli oyun nəzərəçarpacaq dərəcədə artır. Eyni zamanda, komandanın əvəzedici heyətində yer alan gənc futbolçular da baxıb ondan nəsə öyrənirlər”.

Bu gün futbolun inkişafına göstərilən yüksək diqqət və qayğı ölkəmizdə artıq peşəkar futbolçuların yetişməsi zərurətini ortaya qoyur. Belə futbolçular təkcə milli komandalarımızda yox, elə müxtəlif xarici klublarda da iştirak edərək  legioner kimi Azərbaycanın adını ucaltmaq iqtidarındadırlar.

Digər idman növləri kimi futbolun da Azərbaycanda böyük inkişaf perspektivləri var. Bakının 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər sırasında yer alacağını da unutmayaq. Amma acı gerçəklik budur ki, çoxminli azarkeşlər yığma və klub komandalarımızın uğurlarına hələ də tamarzıdırlar…

“Azərbaycan” qəzeti

Həmin kateqoriyadan