Kamran HACI
Dunay boyu boyunca, səfalı yerlər doyunca

Kamran Hacı | kamran-haji@mail.ru

Ötən həftə Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı keçirildi. Bu yarışda hər 3 növ üzrə milli komandalarımız iştirak etdi. Güləş federasiyası ilə Gənclər və İdman Nazirliyınin dəstəyi ilə keçmiş Yuqoslaviyaya yollanmış heyətdə mən də vardım. Bu mənim «Köhnə qitə»yə ikinci səfərim idi – ilk dəfə ötən ilin noyabrında, «Qarabağ»ın sayəsində oraları görmüşdüm. Azərbaycan çempionu Avropa liqasının 5-ci turunda Çex Respublikasın yerli «Slovan»la qarşılaşırdı. Novı Sadın bir suyu elə gördüyüm Libereçə bənzəyirdi: Serbiyanın ikinci böyük şəhəri sayılır, paytaxt Belqraddan şimalda, 70 km aralıda yerləşir. Əhalisi təqribən 360 min nəfərdir. Şəhərdə arxitektur üslubda xeyli bina var, amma ara-sıra sovet tikililərinə də rast gəlmək olur. Dunay çayı ölkənin baş şəhəri kimi Novı Sadı da 2 hissəyə bölür, ona gözəllik verir. Serbiyanın münbit torpağı var, hava limanından əsas məkana avtobusla qət edərkən yolda bunun şahidi oldum: hər tərəf əkilmişdi, ərazi qaratorpaq olduğundan, məhsuldarlıq da çox yüksəkdir. Üstəlik, hər tərəf yaşılıq idi, ormanlar diqqət çəkirdi. İnsanlar bağ-bağçalı evlərdə yaşamağa daha üstünlük verirlər.

Yanacaq baha, cinayətkarlıq aşağı

Serbiyada Kirill əlifbasında yazırlar. Nikola Teslanın vətəni postsovet ölkəsi sayılsa da, orada rus dilini bilən çox azdır. Gənclər bu dili heç anlamırlar, hamı ingilisi öyrənir, orta və yaşlı nəsil isə artıq unutmaq üzrədir. Etiraf edirlər ki, məktəbdə keçdikləridir. Qəribəsi odur ki, serblər təriqətcə provoslavdırlar və Rusiya ilə isti siyasi münasibətləri var. Balkan böhranında bu ölkəni açıq-aşkar şimal qoşumuz dəstəkləmişdi.
Novı Sadda digər Məsihi şəhərlərində olduğu kimi, addım başı kilsəyə rast gəlinir. Məbədlər katolik, yəni Avropa, qotik üslubünda tikilib, əksərinin üst hissəsində saat var. Bizdən fərqli, orada köhnə tikililəri qoruyurlar. Ən pis vəziyyətdə olanını belə uçurmurlar, əhatəyə alıb bərpa edirlər. Mərkəzdə hündür tikiliyə rast gəlməzsən. Mənzili mərkəzdə kirayələdiyimdən, şəhərin gəzməli-görməli yerləri ilə elə ilk gündən tanış oldum. Bu işdə mənə yardım edən AGF-in mətbuat katibi Mayis Musayevə minnətdaram.
Novı Sad böyük şəhər deyildi. Bu üzdən, çox vaxt piyada dolanırdım. Şəhərdə orta və hündürboylu gənc bəy və xanım yetərincəydi, əksəri də gözər, yaraşıqlı . Digər Avropa ölkələri kimi burda da geyim bahadır. Marşturtda isə gediş haqqı bizdən 4 dəfə yüksəkdir, ərzaq nisbətən ucuzdur. İnsanlar kiçik tutumlu və qənaətcil avtomobillərə üstünlük verirlər. Çünki orda yanacaq xeyli bahadır:1 litri təqribən 2 manat edir. Evlərdə qapılar taxtadan olması, burada cinayətkarlığın aşağı olduğundan xəbər verir.

Qələbələr bol, ürəklər geniş

Avropa çempionatı «Spens» İdman Kompleksində keçirilirdi. Bu idman qurğusu 1981-ci ildə inşa olunub. Yarışın təşkil edildiyi zalın tamaşaçı tutumu 2500 nəfərlik idi. Bazada bu cür daha bir arena, əlavə top-komanda üçün məşq-turnir meydançası gördüm. Hər mərtəbədə sayı bilinməyən soyunub-geyinmə otaqları, bərpa mərkəzi və müxtəlif fərdi idman növləri üçün məşq zalları fəaliyyət göstərirdi. Qurğuya bitişik ərazidə iri ticarət mərkəzi, həyətində stadion vardı. Qitə çempionatının təşkilatçılığı normal saymaq olardı. Güləşçilərimiz də yarışa pis başlamadılar. İlk gündə 3 final izlədim: bundan ikisi Azərbaycan himninin səslənməsi ilə bitdi, Georgi Edişeraşvili (57 kq) ilə Mariya Stadnik (48 kq) qızıl, Aleksadr Qostiyev (86 kq) gümüş medal qazandılar. Adı 2-ci çəkilən idmançımız Avropa çempionatında 6-cı zəfərini bayram etməklə, nəinki Azərbaycanda, bu göstəricidə qitədə daha əlçatmaz oldu. Sərbəst və qadın güləşçilərimiz növbəti günlərdə də xalqımızı sevindirdilər – Murad Süleymanov (74 kq) və Camaləddin Məhəmmədov (125 kq) 2-ci, Ruslan Dibirhacıyev (70 kq) 3-cü oldular. Fərəhlidir ki, qadınlarda bürünc mükafata yetişən Alyona Kolesnik (55 kq) ilə Tatyana Omelçenko (60 kq) gəncdirlər, U-23 millinin üzvləridir və əsas komandada debutdə ilk uğurlarıdır. Qeydə alınan nəticələr sonda hər 2 yığmamızın komanda hesabında 2-ci yerə çıxması ilə nəticələndi ki, bu da Azərbaycan güləşinin dünya səhnəsində aparıcı mövqedə dayanmasını bir daha sübut etdi.

Mətbuat konfransı otağında KİV-ə normal şərait yaradılmışdı. Yüngül yemək olaraq bizə hər gün səndviç gətirirdilər. Onun içində donuz əti olduğundan, ilk gündə xahiş etdim ki, məni və türkiyəli həmkarlarımı nəzərə alsınlar, müsəlmanlara halal bilinən ərzaq gətirilsin. Ricam elə o gün yerinə yetirildi, soyuducu toyuq səndviçləri ilə də təmin olundu.
Yarışın keçirildiyi məkana ya piyada, ya da avtobusla yollanırdım. Mərkəzin ilk, əsas dayanacağından «Spens» arenasına gedən 12 saylı marşrutun bir sürücü məndən gediş haqqını almadı. Yəqin, məsafənin elə uzaq olmaması və qonaq olduğumla əlaqəli idi. O cavan idi, sakit təbiətli, gülərüz, sadə və özünəməxsus təsir bağışladı. Elə oldu, növbəti gündə də onun növbəsinə düşdüm. Məni dərhal tanıdı, yenə pul götürmədi.

«Partizan» – «İnter» oyununu indi xatırlanır

Hər gün günorta yarışda bir neçə saat fasilə yaranırdı. Bundan yararlanıb Novı Sadın digər sahilini gəzmək qərarına gəldim. Ən maraqlısı Dunayın dikində yerləşən Petrovaradin qalası idi. Məhəllələr darlıqda bizim İçəri şəhərin küçələrinə bənzəməsə də, ensizlik vardı. Bu müdafiə istehkamı Habsburqlar tərəfindən Osmanlı ordusundan qorunmaq üçün 1692-ci ildə tikilib və əsas məntəqəyə çatmaq üçün bir neçə səddi keçməlisən.
Serbiyada Azərbaycanı yaxşı tanıyırlar, dövlətlərimiz arasında dostluq əlaqələrindən xəbərdardırlar, «Spens» civarındakı benzin doldurma məntəqəsində ilk geniş söhbətimdən bu aydın oldu. Alış-veriş zamanı haradan olduğumu soruşdular. Azərbaycan deyəndə, dərhal tanıdılar, gülərüzlə, «İnter», Bakı, «Partizan» sözünü işlətdilər. Bu klublar arasında oyun 2008-ci ilin avqustun 8-də çempionlar liqasının 2-ci təsnifatında keçirilmişdi. Belqradda ev sahibləri 2:0 hesabı ilə qalib gələrək, 2 görüşün (ilk matç – 1:1) nəticəsinə görə mərhələ adlamışdı. Bu hadisədən 9 il ötməsinə baxmayaraq, ölkəmizi, Bakı «İnter»ini yadda saxlamaları mənə çox xoş gəldi (bir anlıq məmləkətimi düşünməyə, onun üçün darıxmağa başladım). Öz növbəmdə, bunu başımla təsdliqləyib, «Partizan»la «Neftçi»nin də qarşılaşdığını xatırlatdım.

Bizə şirin Qalameydan Bayraqlı

Yarışın bitməsinə 1-2 gün qalmışdı. Qərara gəldim, ordaykən paytaxt Belqradı da görüm. Necə olsa da, dövründə Yuqoslaviya kimi böyük, Balkanda və ətrafda aparıcı mövqeyə malik dövlətin mərkəz şəhəri olub. Novı Saddan avtobusla 1 saata mənzil başına çatdım. Yolda, sağ tərəfdə çayda sərbəst üzən qu quşları gözəl mənzərə yaratmışdılar. Tarixə sevgim hədsiz olduğundan, səfərlərimdə ilk öncə qədim məkanlara göz gəzdirirəm. Bu üzdən, ilk olaraq Roma İmperiyası dövründə tikilən və Osmanlı zamanında genişləndirilən Qalameydana istiqamət aldım. Köşkdən plastik kart alıb tramvaya mindim, bir anlıq keçmiş xəyala daldım. Axı haçansa, bizdə də bu nəqliyyatdan, trolleybusdan olub. Qalameydan adından göründüyü kimi, həqiqən geniş ərazini tuturdu. Tikilinin ətrafı böyük bağa malik idi, sonra körpüdən qalanın həyətinə girirsən. Müdafiə səddi Dunayın yaxınlığında tikildiyəndən, zamanında ətrafı onun suyundan xəndəklə əhatə olunub. Qalameydana bir neçə istiqamətdən giriş var. Bəzi girəcəyin yanında keşikçi qülləsi ucalırdı. Qala zindanı da İçəri şəhərin bürclərinə oxşar dairəvi divarların əhatəsindəydi.

Buranı gəzdikdən sonra, Belqradda indiki günümüzə qədər gəlib çatan yeganə məscid – Bayraqlıya səmt aldım. Uzaq deyildi, tramvay yolunu keçib bir neçə mərkəzi küçəndən burulub, 5-10 dəqiqəyə ora çatdım. Adını çəkdiyim bir minarəli məbəd 1575-ci ildə Osmanlı sultanı 2-ci Süleyman dövründə inşa olunub. Elə də böyük deyil, başı çox bəla çəksə də, bu günə qədər qalmağına sevinmək lazımdır;  müsəlmanları çox sevindirir, həm yerlilər, həm də müsafirləri burada rahat ibadət edirlər. Bayraqlı qeyri-müsəlmanların da diqqətini çəkir. Zöhr və Əsr namazlarını qıldıqdan sonra, gəldiyim yolla geri qayıtdım. Mərkəzi parkın önünə çatanda, oradada düzülən trolleybusların önüdə xatirə şəkli çəkdirib, tramvayla avtobus vağzalına yol aldım. Axşama yaxın artıq Novı Sadda idim. Yunan-Roma güləşçilərimiz uğur qazanmasa da, güclərini İslam oyunlarına qoruduqlarını dedilər. Buna inanıram, çünki Azərbaycan güləş ölkəsi olduğunu dünyaya çoxdan sübut edib: artıq biz olmadan heç bir mötəbər yarışın marağı və çəkisi yoxdur.

 

 

Həmin kateqoriyadan