Elvin ƏHƏD
“Qarabağ” Kiyev səfərində KİV-i niyə unutdu?

Valeri Lobanovskinin bizim barəmizdə yaxşı bir misalı var: jurnalistlər olmadan futbolun inkişafı mümkün deyil. Bəli. Sovet məktəbinin dahi siması çox düzgün buyurub. Əbəs yerə mətbuat dördüncü hakimiyyət sayılmır. Amma…

Əmması budur ki, Avropa Liqasında Azərbaycan adına böyük hərflərlə tarix yazan “Qarabağ” da digər klublarımız kimi, mətbuata bir qədər dırnaqarası yanaşdı. Xüsusən son oyunda. Azərbaycan miqyasında, demək olar ki, bütün imkanlara malik Ağdam klubunun Ukraynaya söz sahibləri olmadan getməsi mənə xeyli təəccüblü gəldi. Bəri başdan deyim, əminəm ki, “Qarabağ”ın Kiyevə jurnalist aparmaması klub himayədarı “Azərsun Holdinq”lə bağlı bir addım deyildi. Klub rəhbərliyinin nə fikirləşib belə qərar verməsini bilmirəm. Amma faktdır ki, «uzun dərə» proses sayılan “Şengen viza”sının naqolaylığından keçirib, İtaliyaya KİV nümayəndəsi aparan klubun, demək olar ki, heç bir sənəd tələb olunmayan Ukraynaya jurnalistlərsiz getməsini öz-özlüyümdə götür-qoy edirəm.

Söhbət hansı jurnalistin səfərə aparılmasından getmir. Onsuz da əksər “poezdka”larda siyahının 90 faizi əvvəldən bəlli olur. Ancaq “Qarabağ”da strukturun düzgün qurulduğunu nəzərə alsaq, fikirləşmək olar ki, səfər planında “bu mənim dostumdur”, yaxud “filankəs “Qarabağ”ı “vurmur” kimi fikirlər rol oynamayacaq. Bu komandada görülən işlərin sırf peşəkarlığa söykəndiyini əsas tutsaq, ortaya maraqlı bir mənzərə çıxır: bu gün istənilən sahənin dünyada təbliğatı, düzgün ifadəsi mediadan keçirsə, bəs nəyə görə futboldan daha çox siyasi planda önəm verdiyimiz Qarabağın eyniadlı klubu belə vacib bir məqamda KİV-ə etinasız yanaşır? Razıyam, istənilən klub rəhbərliyi çıxıb haqlı olaraq deyə bilər ki, biz kimisə səfərə aparmaq öhdəliyi götürməmişik və dünya praktikasında belə bir şey yoxdur. Axı məlumdur ki, dünyanın əksər ölkələrində idman mətbuatı klublardan, federasiyalardan asılı vəziyyətdə deyil. Etiraf etməliyəm ki, KİV-in digər sahələrində olduğu kimi, idman mətbuatında da vəziyyət ürəkaçan deyil. Bu, öz yerində. O da dəqiqdir ki, heç bir klubumuz ideal deyil. Sadəcə, görülən işlərin düzgün təbliği baxımından işinə dəyər verən, əqidəsini dəyişməyən qələm sahibləri “poezdka”ya getməyə layiqdirlər. Qəbul edirəm, dünyada nadir ölkələrdən biri də Azərbaycandır ki, “poezdka” məsələsi ikili standartlarla həll olunur. Bunu ölkənin əsas futbol qurumu – AFFA-nın timsalında, xüsusi olaraq, görürük və əminəm, heç bir federasiya əlinə ömür boyu qələm almayan, jurnalistikadan zərrə qədər qandığı olmayan “jurnalist”i səfərə aparmır. Eləcə də əksər klublarımız. Xüsusən bizə qürur verən “Qarabağ”ın da mediaya biganə münasibəti birmənalı qarşılana bilməz. Məsələ, əlbəttə, Davudun 1 kq sosiskasında – bir dənə “poezdka”da deyil (Kimsə öz hesabına Ukraynaya ikigünlük getmək istəsə, maksimum 300-400 manat xərci çıxar). Söhbət «vnimanie»də – diqqətdə və işə qiymətdədir.

Və bunu xüsusi qeyd etmək istəyirəm, bu söhbətin “Qarabağ”ın qazandığı uğurlara zərrə aidiyyatı yoxdu. Əgər komandanın nailiyyətinə Abdulbari Gözəl üç dəfə sevinirsə, mən on dəfə qürur hissi keçirirəm. Tək “Qarabağ”a görə yox, həm də QARABAĞIMIZa görə!

İnanıram ki, aidiyyatı “Qarabağ”lılar da bunu əməklərinə kölgə salmaq cəhdi kimi deyil, bir rəy, fikir kimi qəbul edəcəklər.

Uğurların davamı arzusu ilə!

Həmin kateqoriyadan