“Ay-ulduzlularımız” Makedoniya millisinə uduzdu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız Makedoniya futbolçuları ilə üz-üzə gəlib. 3 gün öncə Andorra ilə qolsuz bərabərliyə razılaşan “ay-ulduzlularımız”, bu dəfə də istəyinə çata bilməyib.

Makedoniyalılar ilk yarının ortalarına qədər artıq 2 cavabsız qolla önə keçiblər. 73-cü dəqiqədə əllə oyuna görə rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Əfran İsmayılov, hesab arasındakı fərqi azaldıb. Amma komandamızın bundan artığına gücü çatmayıb. Əksinə, matçın lap sonunda makedoniyalılar qapımızdan daha bir top keçirməyə nail olublar. Nəticədə, yığmamız meydanı məğlubiyyətlə tərk etmək məcburiyyətində qalıb – 3:1.

Azərbaycan seçməsi Avstriya toplanışı çərçivəsində son matçını iyunun 3-də Kanadaya qarşı keçirəcək.

Həmin kateqoriyadan