- Baxış sayı: 50
- 25 Oktyabr 2026 11:51
- Baxış sayı: 74
- Oktyabr 25, 2026
- 0

Bu gün Qazaxıstan paytaxtı Astanada dünya çempionatında ilk 5 çəkidə mükafatçılar bilindi. Allsport.az saytı xəbər verir ki, rəqabətə ilk qoşulan yunan-Roma güləş millimiz sıçrayış edərək birdən 2 finala adını yazdırdı. Həlledici görüşə bizdən 1-ci Eldəniz Əzizli (55 kq) çıxdı və Arazın o tayından olan Palam Balotəki 3:1 üstələyərək Azərbaycan güləşi tarixində ilk 5-qat dünya çempionu oldu. Mükafatlandırmadan sonra planetin ən böyük idman yarışının 8-qat medalçısı sevincini Türküstana ezam olunmuş KİV ilə bölüşdü:
“Öncə hər kəsə təşəkkürü bildirirəm. İdman ictimaiyyəti üçün böyük bayramdır. İdman mətbuatına da minnətdaram, zəhmət çəkib bura səfər edib bizim nəticələrimizi işıqlandırırsız. Biz buz dağının görünən tərəfiyik. Onu ictimaiyyətə çatdıran sizsiniz. “5 dəfə” sözdə dildə demək asandır, amma 28 ildir ki, güləşirəm, zəngin təcrübəm var və böyük yol keçmişəm. Bu dünya çempionatında yarımfinalda qarşılaşdığım gürcüstanlı və finalda üzləşdiyim iranlı idmançı dünyaya gələrkən, mən artıq Avropa çempionu olmuşdum. Yəni, onların yaşı qədər mənim karyeram var.
Allaha həmd olsun, bu il çox məşq etdik, mübarizə apardıq. Hamıdan çox dünya çempionu olmağı mən istəyirdim. Ötən mövsüm 3-cü yer elə də ürəyimcə deyildi. Allaha çox şükür, 35 yaşımda qalib oldum”.
Titullu güləşçi karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı bunu dedi: “Millidə məşqçi heyəti, şəxsi çalışdırıcım Turac Hüseynli ilə məsləhətləşmələr apardıqdan, federasiya rəhbərliyi ilə müzakirələrdən sonra qərar verəcəyəm. Düzdür, gücüm, qüvvəm var, hələ də ayaqdayam. Amma karyeramı qalib kimi bitirmək istəyirəm”.
O, əsas mübarizənin yarımfinal və finalda getdiyini dedi. Bildirdi ki, buna öncədən hazırlaşıblar: “Allahın izni ilə, açığı, həlledici görüşdə qalib gələcıyimi bilirdim. Tutaşmanın gedişində müəyyən məqamlar var ki, onu hiss edib ona uyğun davranırsan. İlk passiv rəqibin əleyhinə olduqda fikirləşdim, artıq 60-70 faiz durum xeyrimədir. Sonra 1:1 ilə də üstün tərəf sayılacaqdım. Mən yerdə eyni vəziyyətə düşərkən, iranlı rəqiblə 1 gün də güləşsəydim belə, ona xal verməyəcəkdim”.