- Baxış sayı: 46
- 23 Noyabr 2026 14:03
- Baxış sayı: 655
- Noyabr 20, 2026
- 0

16 yaşadək oğlanlardan ibarət Azərbaycan voleybol millisinin baş məşqçisi Cahangir Seyid Abbasi EEVZA turnirindəki çıxışlarını dəyərləndirib.
Allsport.az xəbər verir ki, mütəxəssis komandasının ilk iki oyunda məğlub olmasına baxmayaraq, son qarşılaşmada nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib:
“Avropa çempionatının 1-ci təsnifat mərhələsində ilk oyunumuz ev sahibi Latviya millisinə qarşı oldu. Oyuna yaxşı başlamışdıq, amma birinci setin ortalarında əsas oyunçularımızdan birinin zədələnməsi komandaya mənfi təsir göstərdi və müəyyən ruh düşkünlüyü yaratdı. Həm bu oyunda, həm də növbəti qarşılaşmada məğlub olduq.
Sonuncu görüşdə isə Ukrayna millisi ilə üz-üzə gəldik. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu bütün komanda yaxşı anlayırdı. Sevindirici haldır ki, hər bir oyunçumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Komandamız gözəl oyun nümayiş etdirdi, bütün tapşırıqları düzgün icra etdi. Açığı, 3:0 hesablı belə inamlı qələbə qazanacağımızı gözləmirdik. Bu qarşılaşma oyunçularımıza düzgün və intizamlı oyunun hansı nəticələr verə biləcəyini də göstərdi.
Düşünürəm ki, ilk oyunda oyunçumuz zədələnməsəydi, digər qarşılaşmalarda da daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, komandamızın çıxışından razı qaldım.
Əlbəttə, istəyimiz bu yarışda bütün oyunlarda qalib gəlmək idi. Lakin burada mübarizə aparan komandaların hər birinin uşaq voleybolunda böyük təcrübəyə malik olduğunu bilirdik. Buna baxmayaraq, üzərimizdə işləməyə davam edəcəyik. İnanıram ki, qarşıdakı yarışlarda bu təcrübədən düzgün nəticə çıxararaq daha yaxşı çıxış edəcək və uğurlu nəticələr qazanacağıq.
Hər zaman komandamıza dəstək olan və bizə inanan Azərbaycan voleybol federasiyasının rəhbərliyinə, məşqçi və həkim heyətinə, eləcə də azarkeşlərə təşəkkür edirəm”.