Böyükağa Hacıyev: “Premyer Liqada əvvəlki maraq və rəqabət yoxdur”

Məşqçilər Şurasının üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində PFL prezidenti Ramin Musayevlə görüşündən, futbolçuların tez-tez klub dəyişməsindən danışıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– İlk olaraq Məşqçilər Şurasının PFL prezidenti Ramin Musayevlə görüşü barədə danışardınız. Görüşdə hansı məsələlərdən danışıldı?
– PFL prezidenti Ramin Musayevlə görüşümüz maraqlı oldu. Premyer Liqa, legioner limiti, aşağı yaş qrupları üzrə yığmaların oyunları barədə müzakirə apardıq. Limitlə bağlı maraqlı təkliflər səsləndi. Mənim fikrimcə, indiki sistem, yəni 6+5 hazırkı vəziyyət üçün qənaətbəxş sayılmalıdır. Çünki, biz yerli futbolçuları yaddan çıxara bilmərik. Klublar yığmaya futbolçu hazırlamalıdır, bu halda isə biz meydanı legionerlərə verməli deyilik.

– “Xəzər Lənkəran” gəncləşdirmə siyasətinə başladı, “Bakı” artıq iddialı deyil. Demək olar ki, cari mövsüm klubların çoxu iddiasından imtina edib. Bu barədə nə danışdınız?
– Sizin fikrinizlə tam razıyam. Ramin Musayevlə söhbətdə çempionatın səviyyəsinin aşağı düşdüyünü dedim. Açıq etiraf etmək lazımdır ki, Premyer Liqada əvvəlki maraq və rəqabət yoxdur. Əvvəl 6 komanda çempionluğa oynayırdısa, indi 3 klub iddialıdır. Digərləri zəif nəticələrlə yadda qalır. Bu hal hamımızı narahat edir. PFL prezidenti bu vəziyyətdən çıxmaq üçün təkliflərə açıq olduğunu bildirdi. Bu gün futboldakı vəziyyətin belə olmasında əsas səbəbkar klub prezidentləridir. Onlar büdcəni düzgün müəyyənləşdirməli, mövsüm üçün əvvəlcədən əsas məqsədi açıqlamalıdır.

– Azərbaycanda klub rəhbərləri futboldan qazanc əldə etmir. Buna görə klub sahiblərini başa düşmək olar…
– İstənilən halda Azərbaycan futbolu son illər yaxşı nəticələr qazanıb. Etiraf edək ki, əvvəllər klublarımız üçün Avropa Liqasının qrup mərhələsinə çıxmaq yuxu kimi görünürdü. Son 3 ildə “Neftçi” və “Qarabağ” Avroliqanın qrup mərhələsində oynadı. “Qarabağ” hətta 1/16 finala çıxa bilərdi. Bütün bunlar ölkə futbolu adına sevindirici məqamlardır. Lakin çempionatdakı rəqabətin azalmasını düşünmək lazımdır.

– Məşqçilər Şurasının üzvləri klubların hazırlığını izləmək üçün Antalyaya yollanacaq. Siz niyə getməyəcəksiniz?
– Mən özüm belə istədim. Çünki, 4 klubumuz hazırlığı Azərbaycanda keçir. Onlara da nəzarət lazımdır. Bu baxımdam Bakıda qalıb səfərə çıxmayan klublarla maraqlanacağam.

– U-21-ə baş məşqçi təyinatı olmadı. Yeni baş məşqçi nə vaxt təsdiqlənəcək?
– Biz öz namizədlərimizi vermişik. Yəqin yaxın günlərdə müzakirələr başa çatacaq. Eyni zamanda Məşqçilər Şurası bir neçə günə millimizin baş məşqçisi Robert Prosineçkiylə görüşəcək. Həmin görüşdə yığmanın hazırlıq planları və digər məsələlərdən danışılacaq.

– “Xəzər Lənkəran”dan ayrılan futbolçular özünə klub tapmaqda davam edir. Məsələn, Rauf Əliyev “Neftçi”yə keçdi. Sizcə, onun oyunu yeni komandada alınacaq?
– Bu sualı baş məşqçiyə vermək lazımdır. Rauf yaxşı futbolçudur. Lənkəranda potensialını göstərə bilmədi. “Neftçi”də yaxşı oynaması onun üçün çox vacibdir. Millinin futbolçusu əvvəlki formasına qayıtmalıdır. Əminliklə demək olar ki, “Neftçi”də rəqabət artacaq. Rauf Nfor və Kanalesdən yaxşı oynamağa çalışmalıdır. Rəqabətdən qalib ayrılanlar özlərini göstərə biləcək.

– Rauf Əliyevlə yanaşı Əfran İsmayılov da klubunu dəyişdi. Ümumiyyətlə futbolçularımızın klublarını tez-tez dəyişməsi yaxşı hal deyil…
– Naxçıvanda oynayanda bir neçə klubdan təklif gəlsə də, “Araz”ı tərk etmədim. Çünki, özümü o klubda yaxşı hiss edirdim. Həm də futbolçu hər il klub dəyişməli deyil. Futbolçu klubu dəyişəndə yeni komandada, yeni məşqçinin rəhbərliyi altında çalışır. Deməli onun futbol fəlsəfəsi dəyişir. Müəyyən inkişafdan geri qalır. Futbolçularımızın tez-tez klub dəyişməsi futbolumuzun əleyhinədir. Axı niyə uzun müddətli müqavilələrə inanmırlar. İndi hər 6 aydan bir klub dəyişirlər. Komandaya sadiqlik yaddan çıxıb. Əgər 6 aydan sonra komandanı dəyişirsənsə, deməli vaxtında düzgün seçim etməmisən.

Həmin kateqoriyadan