“Rəqib bizi səhvlərə məcbur etdi”

“Oyunun çətin olacağını gözləyirdik. Rəqibi təhlil etmişdik və İsveçrənin oyun keyfiyyətlərini bilirdik”.

Allsport.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə yığması ilə oyunu şərh edib. Əsgərov 0:4 hesablı məğlubiyyəti rəqib komandanın gücü ilə əlaqələndirib: “Görünən odur ki, keyfiyyət öz sözünü deyir. Buna baxmayaraq, komandam vuruşdu. Düzdür, bəzi komponentlərdə geri qalırıq. Bizə hələ ki vaxt lazımdır.

İstəyirdik ki, doğma meydanda şansımızdan istifadə edək, amma olmadı. Bizi ən çox məyus edən hesabın belə olmasıdır. Hesabın belə olacağını gözləmirdik. Rəqib bizi səhvlərə məcbur etdi. İsveçrə millisi oyunun tempini çox qaldırmışdı. Macarıstanla oyunda da temp yüksək idi. Orada da futbolçular var güclərini sərf etmişdilər. Həm də komanda uzaq yol qət etmişdi. Yorğunluq hiss olunurdu. Bundan sonra səhvlərin üzərində işləmək və önümüzə baxmaq lazımdır”.

Qeyd edək ki, millimiz qrupun ilk oyununda Macarıstanla heç-heçə oynayıb (1:1)

Həmin kateqoriyadan