Ehtiram Quliyev: AFFA-da seçkilərdə Rövnəq Abdullayevi dəstəkləyəcəyik

Premyer liqanın 17-ci turunda “Turan Tovuz” evdə “Zirə”ni 1:0 yendi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra komandanın idarə heyətinin sədri Ehtiram Quliyev jurnalistlərlə ayaqtüstü söhbət etdi:

– Gözəl oyun oldu. Hər 2 tərəf qələbəyə layiq idi. Qismət bizdən yana oldu.

– Gələn ilin martında AFFA-da prezident seçkiləridir. KİV-də sizin də namizədliyinizi verəcəyinizi yazırlar.
– Əsla! Mediada yazılanları gülərək qarşıladım. Bu məsələ ilə bəyan edirəm ki, bizim namizədlikdən söz gedə bilməz. Birincisi, vaxtımız yoxdur. İkincisi, çox məsuliyyətli işdir. Belə bir ağır yükün altına girməyə hələ hazır deyilik. “Turan” futbol klubunu sevirik. Bu sevgini heç nəyə dəyişmərik. İndiki AFFA rəhbəri Rövnəq Abdullayev namizədliyini sürərsə, onu dəstəkləyəcəyik. Namizədliyini verməzsə, gənc kadrlardan futbolumuza layiq ola biləcək şəxsləri müzakirə edib, onlara səs verəcəyik.

– Oyundan sonra birbaşa paltardəyişmə otağına getdidiz. Orda futbolçulara hansı fikri səsləndirdiniz?
– Onları təbrik etdim. Əslində, yaxşı çıxış edirik. Sadəcə, nəticə gəlmirdi. Belə məqamlarda futbolçuların yanında olurduq və bildirirdik ki, səbrli olun, əvvəl-axır nəticə gələcək. Bu gün göstərdikləri əzmə görə onlara təşəkkür elədim.

– Qələbəyə görə mükafat olacaqmı?
– Təbii ki.

– Sirr deyilsə, nə qədər?
– Bu, bizim daxili məsələmiz olaraq qalsın. Amma yaxşı bir mükafat vəd elədik.

– Ehtiram müəllim, azarkeş kimi firkrinizi bildirdiz. Klubun ətrafında olan tərəfdarlar səbr nümayiş etdirmirlər. Onlara sözünüz nədir?
– Azarkeşlərimiz hər zaman haqlıdırlar. Kluba gəlməyimizin başlıca səbəblərdən biri azarkeşlərdir. Onlar bizim müşahidə şuramızdır. Onlar tələb göstərəsək, bizdən istəyəcək. Biz daim onların nəfəsini hiss edəcəyik, onlara hesabat verəcəyik. Tərəfdarlarımıza bir az səbr göstərmələrini rica edirəm. Böyük bir planın başlanğıcındayıq. Yeni yeriməyi öyrənirik. Bir neçə il səbrli olmaq lazımdır.

– Dözüm sizdə mənfi enerji gətirmir ki?
– Qətiyyən!

– AFFA-da işçi qrupu yaradıldı. Milli komandaya baş məşqçi axtarılır. Sizin fikriniz: yerli, yoxsa əcnəbi?
– Təbii ki, yerli!

– Namizədiniz varmı?
– Yoxdur.

– Ara-sıra Ayxan Abbasovun adı çəkilir.
– Ayxan xocadan çox razıyıq, məmnunuq. Klubda onunla davam etməyi düşünürük. Onunla 3-ilik müqaviləmiz var. Amma bizim fəlsəfədə bir məsələ var: milli dava gələrsə, axan sular durar.

– Qış fasiləsi gəlir. Yeni transferlər olacaqmı?
– Zəif olduğumuz mövqelərə yeni futbolçular alacağıq. Qış mərhələsində seçim imkanları geniş olmasa da, imkan daxilində hərəkət edəcəyik.

– Baş məşqçi hədəfin premyer liqada qalmaq olduğunu deyib. Eyni zamanda, hakimlərdən gileylənib. Düşünmürsünüz ki, bu açıqlama bir növ qarşı tərəfi rahatlaşdırıb.
– Mən belə hesab etmirəm. Onlardan narazıyam. Tək mən yox, azarkeşlərimiz də bunu görür. Ölkə çempionatında ən çox qol vuran 2-ci komandayıq. Amma nədənsə, 11-metlik cərimə zərbəsi qazana bilmirik. Bizə qarşı haqsızlıqlar olur, səbəbini mən də bilmirəm. Bunun barəsində çox düşünmüşəm, amma niyəsini tapmamışam. Ola bilsin, hansısa qüvvələr bizim əsəbimizi korlayıb, ciddi bir bəyanat verməyimizi və futboldan çəkilməyimizi istəyirlər. Sonra da bunu AFFA qarşı vasitə olaraq istifadə edəcəklər. Hansı qüvvənin olduğunu bilmirik. Fakt olmadan ittiham yürütmək doğru olmaz. Mən bir azarkeş kimi deyirəm.

– Bunu qərəz hesab edirsiziniz, yoxsa sadəcə hakim səhvləridir?
– Ümid edirəm ki, hakim səhvləridir. Amma mərhələli olduqca, artıq bu düstura öyrəşmişik.

– Ehtiram bəy, bayaq layihədən söz açdınız. Belə çıxır, yeni “Qarabağ” Tovuzda yaranacaq.
– Bəli, məqsəd odur – gənclərimiz var, bölgə insanları var, yeni akademiya inşa edirik. Bu, böyük layihədir. Bu gün infrastruktura sərmayə qoymayıb, 1-2 səviyəyli legionçu alıb daha yüksək pillələrdə ola bilərdik. Gələn il nə olacaqdı?

– “Qarabağ” rəhbərliyi ilə hansısa müzakirə aparmısınızmı?
– Onlarla yaxın dostluğumuz var. İllərdir izləyirik, təcrübələrindən faydalanırıq.

– Ötən müsahibələrinizin birində demişdiniz ki, ot örtüyünün dəyişdirilməsi ilə bağlı AFFA rəhbərliyinə müraciət etmisiniz. Qarşı tərəf media vasitəsi ilə bununla bağlı hər hansı planın olmadığını açıqlayıb.
– Onların büdcəsində belə bir plan yoxdur. Digər stadionlarda belə bir dəyişikliklər nəzərdə tutulur. Amma biz israrlıyıq. Sizin vasitənizlə AFFA rəhbərliyinə, orda çalışan yoldaşlara rica edirik ki, bizə dəstək göstərsinlər. Himayədar 50 faizini qarşılamağa hazırdır. Digər yarısını AFFA həll etsə, təbii ot örtüyündən Azərbaycan futbolu qazanacaq.

– Hakim narazılığından danışıldı. “Sabah”ın baş məşqçisi Murad Musayev AFFA hakimlər komitəsinin sədri Barış Şimşəklə görüşüb. Sizin də belə təşəbbüs olubmu?
– Görüşmüşük, amma mətbuata bildirməmişik. Görüşdən razı qalmamışam. PFL-in rəhbərliyi ağır yol qəzası keçirib. Onlara ancaq dua edə bilərik. O üzdən, bu barədə çox danışmasam, yaxşı olar. Qəzaya uğrayanlara keçmiş olsun deyirik, Allahdan onlara şəfa diləyirik.

– Klubun futbolçusu Elton Turabovun pasport məsələsi aylardır həllini tapmır.
– Hələ də həll olunmayıb. Elton millinin üzvüdür, əslən gürcüstanlıdır. Onun pasportunun vaxtı bitib. Bunun yenilənməsi üzün əlaqəli qurumlara müraciət etsək də, nəticə yoxdur.

Kamran HACI

Həmin kateqoriyadan