- Baxış sayı: 54
- 21 Oktyabr 2026 15:49
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

4-12 oktyabrda Milli gimnastika arenasında cüdoçuların dünya çempionatı keçirildi. Azərbaycan, tarixində 2-ci dəfə bu nüfuzlu tədbirə ev sahibi etdi. “Olimpiya çempionları evdə 7-ci belə ola bilmədilər! Los Anceles-2028 öncəsi həyəcan!” başlıqlı ötən yazımı kişilərə həsr etmişdim. Bu dəfə məqalədə qadın cüdoşulardan danışacam. ACF bu mübarizəyə 7 idmançı ilə qatıldı. Elə bu sayda çəkinin heç də hamısında təmsil olunmadıq. 48 kq-da ölkəmizi Şəfəq Həmidova və Könül Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva, 57 kq-da Xədicə Qədəşova, 63 kq-da bu ildən milliləşən Xanna Zaytseva, 70 kq-da Südabə Ağayeva və +78 kq-da digər yeni legionçu Mədinə Qaysinova təmsil etdilər.
Ən yaxşı nəticəmiz 7-ci yer oldu. Tək təsəlli bunun yerli cüdoçu Gültac Məmmədəliyevaya məxsusluğudur. Sabirin təbirincə desəm, əcnəbilər bu dəfə göydə balonlarda deyil, yerdə avtomobilə belə minə bilmədilər – ilk tutaşmada uduzub ümumi çıxışları tribunadan izlədilər. Əgər beləydiysə, özümüzdə olan yeniyetmə və gənclərə fürsət verib indidən onlara dünya çempionatı həyacanını yaşadardılar. Anlayıram, bunun üçün mill(ətç)i olub millidə millilərlə çalışmaq lazımdır. Amma nə fayda və ya yadın nə faydası? Canı yananlar çoxdan bu işdən kənarlaşdırılıblar.
ACF-in yeni rəhbərliyi ən ağır çəkidə olimpiya mükafatçımız İrina Kindzerskayanı qaytarmaq istəyir. Fəqət qatar çoxdan gedib. Birincisi, ukraynalı idmançı xeyli müddətdir peşəsindən uzaqlaşıb. Ailə qurduqdan sonra Kiyevə atılan rus mərmiləri sayəsində evi dağılıb laməkan qalıb. Azərbaycan cüdo federasiyasından kömək istəsə də, ala bilməyib. Bu minvalla digər həmyerliləri kimi Avropaya üz tutaraq oraya sığınıb. Yeri gəlmişkən, İrina Kindzerskaya öz dövrünün nəticəli qadın cüdoçularından sayılırdı. Sözsüz ki, indiki rəhbərlik bunu o vaxtı düşünməliydi və mənzil istəyəndə haqqı olanı ona təşkil etmək lazım idi. Nəzərə alınmalıydı ki, onun həyat yoldaşı da azərbaycanlıdır.
Bu üzdən, qadın millisinin işi Allaha qalıb. Orada əsas söz sahibi Əminə Əbdüllətif, İmamverdi Məmmədov, Saşa Herkenratdır. Adı ilk çəkilən Əlcəzair əsilli fransalı, digəri almaniyalıdır. Əminə ölkəmizə təşrif buyuranda heç yüksək məşqçi dərəcəsinə malik deyildi. Ona bunu Bakıdan təşkil ediblər. Xatırladım ki, 20–23 avqustda Ekvadorun Quayakil şəhərində yeniyetmələrin dünya birinciliyində və 3–6 sentyabrda Qaradağın paytaxtı Dağaltıda (Podqoriçada) gənclərin Avropa çempionatında da qızlarımız medalsız qalmışdılar.
K.HACI