Ümumdünya antidopinq məcəlləsi ilə tanış olublar

Ümumdünya antidopinq məcəlləsi ilə tanış olublar

Azərbaycan milli antidopinq agentliyi (AMADA) dörd idman federasiyasının təmsilçiləri üçün maarifləndirici seminarlar keçirib.

Allsport.az xəbər verir ki, tədbirlər Azərbaycan güləş, taekvondo, qılıncoynatma və üzgüçülük federasiyalarının idmançılarını əhatə edib.

Seminarlarda iştirakçılara qadağan edilmiş siyahı, dopinq nəzarəti prosedurları, idmançıların antidopinq qaydaları çərçivəsində hüquq və öhdəlikləri, eləcə də 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni ümumdünya antidopinq məcəlləsinin əsas yenilikləri barədə məlumat verilib.

İnteraktiv formatda təşkil olunan görüşlərdə idmançıların sualları cavablandırılıb, antidopinq qaydalarına əməl olunmasının əhəmiyyəti və mümkün risklər müzakirə edilib.

Seminarların əsas məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, dopinqdən istifadənin qarşısını almaq, idmanda dürüstlük və ədalətli rəqabət prinsiplərini təşviq etmək olub.

Həmin kateqoriyadan