Batı YAR
Həsrət qapısında boynubükük ümidlər

Bəxtiyar Məmmədov | batyyar@mail.ru

 

Birinin məşqçi axtarışı, o birinin ümidsizliyi arasında axtaraq?

Milli futbol komandamızın bu il üçün gözlənilən macərası xalsız başa çatdı. Qrupda hətta maltalıların da xal qazanması, özü də buna səfərdə, bolqarlarla oyunda nail olması millimizin Foqtsun vəd etdiyi final mərhələsinə vəsiqə qazanmaq xülyaları bir yana, bu xal hətta komandamızın son pillədə qərar tutmasının da başlanğıcı ola bilər. Yeri gəlmişkən, bolqarlar bu oyunu komandamızla görüşdən qat-qat üstün oynadılar. Lakin öz evlərində xal itirdilər. Həmin görüşü Foqts izləsə, bolqarlardan və ya bu tipli komandalardan necə xal almağı da öyrənib, bu yaşında özü üçün nəticə çıxara bilər. Onun müdafiəçilərinə də bu oyun əsl ibrət dərsidir.

Norveçlə qarşılaşmada isə meydanda simasını tam itirmiş komanda var idi. Elə buna görə  yenə bir çoxları sosial internet şəbəkələrində Foqtsa min şükür etməyə başlayaraq, pafoslu modelizmlə və ya modernizmlə məşğul olmağa başlayıblar.
Bəli, Mahmud Qurbanov bu komandaya başçılıq etmək fürsətini əldən verdi. Ən acınacaqlısı odur ki, o, dolayısı yolla bu komandaya baş məşqçi ola biləcəyinə inanmadığını açıqlamaqla, qurduğu (əslində, qura bilmədiyi) oyunun mənasızlığının əsl səbəblərini, çürüklüyünü faş etdi. «General olmaq istəyən əsgər» üçün ən gözəl fürsəti qaçıran bir məşqçi, həm də yerli futbol məktəbi təmsilçilərinin  bu şərəfli postda yer ala biləcəyinə zərbə vurdu.

Futbolçularımızın ayağı top tuta bilmədiyi oyunları çox görmüşük. Lakin belə məntiqsiz futbolu komandamız heç vaxt oynamamışdı. Bu məşqçi korpusunun Foqts gedəndən sonra, qol çırmayıb həvəslə işləmək əvəzinə, ən absurd gedişlərlə yekunda hər futbolçunun öz aləmi, öz oyunu, öz dünyası, öz kefi prinsipi ilə meydangirlik etməsinə şərait yaratmasının mənası, görəsən, nə idi? Heyəti də, onun hansı prinsiplərə əsasən qurulmasını, hansı rəqibə qarşı qurulmasını da heç anlamaq olmadı. Deyəsən, məşqçi korpusu ölkə çempionatının birinci dəstəsində növbəti oyuna çıxdığını zənn etmişdi. Axı, bu komandanı Premyer liqada istənilən komanda asanlıqla yenə bilərdi. Əvəzləmələr lap möcüzə idi.

Məğlub olan bir komandanın 2, 3, ya 4 top buraxmasının mənası ola bilər. Lakin indiki vəziyyətdə bunun heç bir mənası, məntiqi yox idi. Məşqçi risk etməyi də bacarmalıdır. Əslində, burada risklik də heç nə yox idi. Rəqib onsuz da qorxaq futbolla başlayıb, kəşfiyyatdan-kəşfiyyata qapımıza yaxınlaşacaqdısa, ona qalib gəlməyin ən asan yolu da var idi. Bunun üçün ürəkli olmaq lazım idi. Qorxan gözə çöp düşür – düşməsə də, elə ataların bu məsəlinin əbədi xofu içini didib yeyir.

Yadıma, haradansa, Çokitsa Hacıyevski düşdü. O da bir rəsmi oyunluq komandamızın rəhbəri olmuşdu. O da şimallılara – finlərə qarşı komanda çıxarmışdı. Özü də Bakıda yox, səfərdə. Uzun fasilədən sonra həmin heyətdə yer alanlardan biri, onların arasında seçiləni, ən əsası, oyunda hesabı açan Mahmud Qurbanov idi. O, Finlandiya bu Norveçdən qat-qat güclü idi. Təkcə elə həmin oyunların avazı, ovqatı ilə çox şey etmək olardı.
Əlbəttə, bu dəmdə kimisə qınamaq istəməzdim. Komandanı oyuna çıxaranlar onsuz da bilirlər ki, yenə bu posta əcnəbi gətiriləcək. Bu barədə açıq söhbətlər də aparılır. 10-20 məşqçi ilə danışıqların aparıldığı da bildirilir. Əslində, ovqat korlayan əsas məsələ də budur. Hətta danışıqlar aparılsa belə, federasiya rəsmiləri məsul oyun ərəfəsində sükan arxasına mütləq əcnəbi gətiriləcəyini söyləməz, belə bir təəssürat yaratmazdılar. Təkcə, elə buna görə də yerli məşqçilər oyunçularla əl-ələ bu komandanı Norveçlə oyundan qalib çıxarmalı idilər.

Bəli, milli komandaya əcnəbi axtarılır. Lakin bu məqamda bizə yalnız futbolumuzun ruhuna, imkanlarına, tərzinə, tempinə yaxın, onu dirçəldə biləcək, konstruktiv məşqçi lazım olduğu halda, yenə titullu, ad-sanlı məşqçi axtarışına çıxılıb. Nə yaxşı ki, bu siyahıdan Mançini çıxdı. Onun nə bacarıb, hansı səviyyədə olması deyil, məhz futbolumuza faydalı olması bizə maraqlı olmalıdır. Bu mənada kiminsə, hətta futbolumuza bələd olanların da məsləhət və tövsiyəsinə niyə diqqət yetirilmir? Axı, araşdırmaq üçün də hər bir əsas var. Nə üçün bu komanda məşqçilik bacarığı olmayan Torres dövründə göz oxşayan, yaxud «bu mətbəx»ə bələd Hacıyevski dövründə konstruktivliyə meylli futbol oynadı. Səbəblər kimi, nəticəsi də göz öünündədir. Daha bundan sonrası üçün ad ardınca qaçmağa da dəyməz. Çünki nə ölkəmizin, nə də futbolumuzun reklama ehtiyacı qalıb. Digər növlərdə əldə olunan nailiyyətlər, yarış təşkilatçılığı bacarığının nümunələrinə çevrilmiş saysız-hesabsız, o cümlədən mötəbər futbol turnirləri öz işini görüb. Qarşıdakı Avropa və İslam oyunları və bir də, Avropa çempionatının final qarşılaşmaları bu mənada son nöqtəni qoyacaq. Hə, bir də, yeri gəlmişkən, 2016-cı ilin final mərhələsinə çıxmaq ideyasını indi daha real ola biləcək 2020-nin final mərhələsi ilə əvəzləmək olar. Bundan futbolumuz ikiqat xeyir götürə bilər. Bu barədə düşünmək və düşünə bilənlərə üz tutmaq zamanıdır. Yoxsa, boynubükük bənövşə kimi, bu futbolun həsrət qapısında qalmış futbolsevərimizin tükənməkdə olan həvəsi, seyrəlməkdə olan cərgəsi tam boşalacaq.

 

Həmin kateqoriyadan