Qadın voleybolçular arasında Avropa çempionatının biletləri satışa çıxarılıb

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda keçiriləcək qadın voleybol komandaları arasında Avropa çempionatının biletləri Bakıda satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, qiymət 3-5 manat arasında dəyişir. Açılış matçı, yarımfinal və medallar uğrunda görüşlərin biletləri 5 manatdır. Bir nəfər ən çox 10 bilet ala bilər.

Biletləri 1, 2, 3, 4 saylı və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, Hökumət evinin yanından, “Azərbaycan” kinoteatrından, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərində yerləşən “iTickets” köşklərindən əldə etmək olar.

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi və on altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tiflisdə keçiriləcək. Qarşılaşmalar Milli Gimnastik Arenasında və Göygöl Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Həmin kateqoriyadan