“Boz ev” həmkarımıza agır cəza kəsdi!

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 12-ci və 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Bakı” – “Qarabağ” matçında “Bakı”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“İnter” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra stadionun dəhlizində “Xəzər Lənkəran” klubunun direktoru Yunis Hüseynov və “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanıb, hər iki klub 5000 manat cərimə olunub.

“Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra “Neftçi”nin rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.

“Qarabağ” – AzAL matçının 31-ci dəqiqəsində AzAL-ın futbolçusu Ruslan Məcidov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Neftçi” matçında “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 16-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Oyunun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir etmişdir. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanıb, klubu 5200 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşya atılmasına görə klub 2000 manat cərimə olunub.

Həmin kateqoriyadan