SENSASİYA
“Araz Naxçıvan” Premyer Liqaya qayıdır?

Məlum olduğu kimi, “Araz Naxçıvan” 3 həftə öncə Azərbaycan çempionatında oynamaqdan imtina edərək Peşəkar Futbol Liqasına rəsmi olaraq müraciət etmişdi. Allsport.az xəbər verir ki, PFL bu müraciətə baxaraq, komandanın çempionatda oynamaqdan imtina etməsini təsdiqləmiş və klubun futbolçularına azad agent statusu verilmişdi.

“Araz Naxçıvan”ın çempionatdan imtina etməsinin səbəbi isə keçirdiyi oyunlarda hakimlərin komandaya qarşı qərəzli mövqeyi idi. Bu barədə klub rəhbərliyi aidiyyatı quruma bir neçə dəfə müraciət etsə də, buna səthi yanaşılmış və klub 11-ci turdan sonra çempionatdan imtina etdiyini rəsmi olaraq bəyan etmişdi. Çempionatdan imtina etməsinə baxmayaraq, “Araz Naxçıvan” fəaliyyətini dayandırmayıb. Muxtar respublika təmsilçisi yalnız Topaz Premyer Liqasında oynamaqdan imtina edib və fəaliyyətini Naxçıvan Muxtar Respublika birinciliyində davam etdirəcək.

Çempionatda oynamaqdan imtina edən “Araz Naxçıvan” bu gündən etibarən bir araya toplaşıb və seçimlərə start verib. Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və muxtar respublikada uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq bu gün komanda Naxçıvan Muxtar Respublika Stadionunda ilk məşqinə çıxıb. Seçimlərdə isə Naxçıvanın daxili birinciliyində çıxış edən komandaların heyətlərindən seçilən oyunçular iştirak edib. 10 günə yaxın davam edəcək ilk seçimlərdə 1992-2000-ci il təvəllüdlü futbolçular qüvvələrini sınayır.

Bu seçimlərdə məşqçilər tərəfindən müsbət rəy alacaq futbolçular dekabrın son həftəsində yenidən bir araya gələcəklər və məşqlərə davam edəcəklər. Bu müddət ərzində – daha dəqiq desək, 4-10 dekabr tarixlərində isə seçimlər 2000-2007-ci il təvəllüdlü futbolçular arasında aparılacaq və seçilən uşaqlar fevral ayında fəaliyyətə başlayacaq “Araz Naxçıvan” futbol məktəbinə dəvət olunacaqlar. Yenidən formalaşan “Aaz Naxçıvan” fevral ayının sonlarında başlayacaq Naxçıvan Muxtar Respublika birinciliyinə, həmçinin Naxçıvan Kubokunda iştirak edəcək. Bu müddətə kimi isə komandanın yoldaşlıq oyunları keçirməsi gözlənilir.

Həmin kateqoriyadan