“Bizim üçün çox xoş gündür”

Azərbaycan premyer liqasının XXXV turunun “Qarabağ” – “Kəpəz” (3:0) oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:

“Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Bir neçə tur əvvəl çempionluğu rəsmiləşdirsək də, bu gün bunu daha çox hiss etdik. Çünki layiq olduqları medalları bu gün alırlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm”.

Baş məşqçi ikinci hissədə meydana çıxan gənc futbolçu Hikmət Cəbrayılzadənin çıxışına da münasibət bildirib: “Bacarıqlı yerli oyunçulara həmişə fürsət vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqqında məlumat vermişdi. Biz şərait yaradırıq. Çox istəyərdim ki, meydanda keçirdikləri dəqiqələr daha çox olsun. Daim onları möhkəmləndirməyə çalışacağıq. Böyük futbol oynamaq üçün gənc yaşda daha dözümlü olmalıdırlar. Hikmət öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. İmkan olduqca, belə oyunçuları daim komandaya cəlb edirik”.

Həmin kateqoriyadan