Həmyerlimiz Avropa klublar assosiasiyasına təyinat alıb

Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin baş meneceri Nail Kərimov 2023-2027-ci illəri əhatə edən tsikldə ECA-nın namizədliyini verdiyi uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq. Qrupa “Feyenoord”un baş meneceri Dennis te Kloyse rəhbərlik edəcək. ECA-nın sentyabr ayında Berlində keçirilmiş baş assambleyasında 50 ölkənin 150 müxtəlif klubunun 430 nümayəndəsi öz namizədliklərini 8 qrup üzrə irəli sürmüşdülər.

Avropa klublar assosiasiyası UEFA-nın klub təşkilatları arasında yeganə tərəfdaşıdır. Qurum müstəqil və ya UEFA ilə birlikdə müxtəlif layihələr və tədbirlər həyata keçirir. Uşaq futbolu üzrə işçi qrupun əsas missiyaları akademiyaların fəaliyyəti, beynəlxalq turnirlərin təşkili, uşaqların müdafiəsi, ilk peşəkar müqavilə, beynəlxalq hüququn uşaq futboluna təsiri, uşaq-gənclərin, məşqçi və menecerlərin təhsili və s. məsələlərdir.

İşçi qrup il ərzində keçirdiyi 5-8 iclasla öz fəaliyyətini tənzimləyir. İlk belə iclas noyabrın 15-də İsveçrənin Cenevrə şəhərində təşkil ediləcək.

Həmin kateqoriyadan