“İnter”in dağıstanlı oyunçusu: Azərbaycan millisinə dəvət almaq üçün əlimdən gələni edəcəyəm

“İnter”in yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov Dağıtsan mətbuatına müsahibəsində Azərbaycan karyerasından, gələcək planlarından söhbət açıb. Allsport.az sizi həmin müsahibə ilə tanış edir:

– 2012-ci ildə “Anji”ni “Sumqayıt”a dəyişməyin necə alındı?
– “Sumqayıt”dan təklifi “Anji”nin gənclərdən ibarət komandasının “Amkar”a qarşı oyunundan sonra aldım. Həmin oyunu izləməyə klub prezidenti Kamran Quliyevlə o dövrdə baş məşqçi olan almaniyalı Bernard Raab gəlmişdi. “Amkar”la görüşdə hücumda oynamışdım və yəqin ki, nə iləsə onların diqqətini cəlb etmişdim. Atamla məsləhətləşdikdən sonra qərara gəldik ki, bu, mənim üçün yaxşı variant olar. 18-19 yaşlı futbolçulara qarşı oynamaqla ustalıq səviyyəni artırmaq çətindir. Amma Azəbaycanda ölkə çempionatının oyunlarında meydana çıxmaq şansım var idi. Məhz bu üzdən təklifi qəbul etdim və həmin qərarıma görə də təəssüflənmirəm. Burada bizə qarşı çox isti münasibət var.

– İnternet axtarış resurslarında sizin adınızı yazan kimi, vaxtilə dediyiniz “Sumqayıt” mənə “Anji”dən, Azərbaycan isə Rusiyadan daha yaxındır” sözlər çıxır. Hiss olunur ki, inciksiniz…
– Bu, ola bilsin ki, əvvəllər var idi. Özünüz diqqət yetirin: sən daim həyacan keçirdiyin bir komanda üçün əlindən gələni edirsən, amma onlar səni heç saxlamaq belə istəmirlər. Əlbəttə, üzücü idi. Amma artıq hər şey geridə qalıb. Məni Azərbaycanda hər şey qane edir.

– “Anji”nin gənclərdən ibarət komandasında 70-dən çox oyun keçirmişdin. Oradakı tanışlarından kimlərlə əlaqən qalıb?
– Təəssüf ki, mütəmadi ünsiyyət qurduğum futbolçular elə də çox deyil. Yalnız İslamnur Abdulavovla Bədavi Hüseynov qalıb.

– Bu ilin mayında “İnter”ə keçidin necə baş tutdu?
– “Sumqayıt”da pis çıxış etmirdim. Belədə, “İnter”in indiki baş məşqçisi Kaxaber Sxadadze mənə təklif göndərdi. Yadınızdadırsa, Sxadadze “Anji”də də oynayıb. Mənə “İnter”ə getməyi məsləhət gördülər və getdim.

– Əsas heyətdə möhkəmlənə bilmisən?
– Yalnız bir oyunda meydana çıxmamışam. Amma nə dərəcədə əsas heyət üzvü olduğumu deyə bilmərəm. Bizdə Messi və Ronaldo olmasa da, 20-25 futbolçu var ki, hər biri komandaya fayda verməyə çalışır. “Neftçi” ilə son oyunda meydana sonradan çıxdım və qələbə qolunu vurdum.

– Səni artıq yığmaya da dəvət edirlər. Rəsmi oyuna çıxmısan?
– Xeyr, hələ rəsmi oyunda meydana çıxmamışam. Amma əlimdən gələni edəcəyəm ki, yığmaya düşüm və azarkeşlərimizi sevindirim.

– Son turda Bədavi də sənin kimi həlledici qola imza atıb, komandalarınız da turnir cədvəlinin üst pillələrindədir. Aranızda buna dair zarafatlar olur?
– Əlbəttə. Bədavi çox sadə və şən oğlandır. Bir-birimizi görəndə darıxdırıcı olmur. Hər şeyi müzakirə edirik. Amma danışdıqlarımız öz aramızda qalsa, yaxşıdır.

– Azərbaycanda başqa hansı dağıstanlılar var ki, onlarla mütəmadi danışırsan?
– “İnter”də Arif Daşdəmirov var. O, daha təcrübəlidir və mənə uyğunlaşmaqda kömək edir, məsləhətlər verir. Baxmayaraq ki, eyni mövqenin oyunçularıyıq.

– Yığmanın yeni baş məşqçisi Robert Prosineçkinin sizə dəvət göndərəcəyinə ümidiniz var?
– Buna ümid edirəm. Əgər mən oyunumla yığmaya layiq olduğumu sübut etsəm, çağırar. Fikrimcə, Prosineçki hər şeyə sıfırdan başlayacaq, heç kimin əvvəlki xidmətlərinə baxmayacaq.

– “İnter”lə müqavilən nə vaxta qədərdir? Özünü onlara lazımlı hesab edirsən?
– Mənim ilyarımlıq müqaviləm var. Hələlik, müddəti artırmaq barədə müzakirələrimiz olmayıb. Amma ilk növbədə yaxşı oyun sərgiləmək lazımdır ki, səni lazımlı hesab etsinlər.

– Rusiyaya, Dağıstana dönməyi planlaşdırana oxşamırsınız. Düz düşünürəm?
– Mən həmişə “Anji”nin formasını geyinməyi arzulamışam. Çünki bu komanda mənə doğmadır. Əlbəttə, bu klubdan mənə təklif gəlsəydi, qəbul edərdim.

– 2015-ci il üçün qarşında hansı hədəflər var?
– Azərbaycan çempionatının qalibi olmaq, Avropa Liqasının qrup mərhələsinə düşmək və “İnter”in də belə turnirlərdə yüksək səviyyədə oynaya biləcək gücdə olduğunu göstərmək.

Həmin kateqoriyadan