“Kəpəz” çempionatda qarşıya qoyduğu vəzifənin öhdəsindən gələcək”

“Yaxşı komandanız var, çox xoşuma gəldi. Belə düşünürəm ki, klubunuz çempionatda qarşısına qoyduğu vəzifənin öhdəsindən gələcək”. Allsport.az xəbər verir ki, bu sözlər Gürcüstanın “Şukura” klubunun prezidenti Revaz Çelebadzeyə məxsusdur.

Rəhbərlik etdiyi komandanın “Kəpəz”lə yoxlama oyununa (1:1) toxunan ötənlərin məşhur futbolçusu Gəncə klubunun mətbuat xidmətinə daha sonra bunları söyləyib: “Xüsusən də, ilk yarıda “Kəpəz”in oyunu baxımlı alındı. Heyətdə yaxşı oyunçular var. Portuqaliyalı legioneri ayrıca fərqləndirmək olar. Oyun nizam-intizamı hiss olunur, bu da məşqçi işindən irəli gəlir”.

Revaz Çelebadze SSRİ birinciliyində Tiflis “Dinamo”sunun aparıcı futbolçularından biri olub. İttifaq yığmasına dəvət alıb. SSRİ komandasının heyətində 7 oyuna 4 qol vurub. Moskva Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. O, vaxtilə “Kəpəz”ə qarşı da oynayıb. Batumi “Dinamo”sunun tərkibində Nizami yurdunun təmsilçi ilə matçlarda meydanda olub:

“Gəncə klubuna qarşı oynadığım vaxtların üstündən çox illər keçib. Onda futbolçu idim, meydanda mübarizə aparırdım. İndi klub prezidentiyəm, kənardan baxıram (gülür). Sizə qarşı oyunlarımız çətin alınırdı. İndi futbol başqadır. Komandanıza uğurlar arzulayıram”.

Həmin kateqoriyadan