AGF-nin baş katibi beynəlxalq elmi-praktik konfransda

AGF-nin baş katibi beynəlxalq elmi-praktik konfransda

“ASA-da idman elmlərinin inkişafı” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Allsport.az xəbər verir ki, tədbirin plenar iclasında AGF-nin baş katibi Pərvin Piriyev “Elmi yanaşmaların idman nəticələrinə müsbət təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, idmançıların hazırlıq prosesində elmi yanaşmaların əhəmiyyətinə, məşq sisteminin müasir tələblərə uyğun qurulmasına və elmi biliklərin praktiki fəaliyyətə inteqrasiyasının idman nəticələrinin yüksəldilməsində roluna diqqət çəkib.

Həmçinin məşqçi heyətinin yeni elmi yanaşmaların tətbiqi zamanı qarşılaşdığı çətinliklərə, nəzəri biliklərin məşq prosesində praktik tətbiqi ilə bağlı yaranan problemlərə və onların aradan qaldırılması yollarına toxunub.

Konfransda beynəlxalq təcrübənin öyrənilməsi və bölüşülməsi baxımından AGF tərəfindən dəvət edilmiş Nippon idman elmləri universitetinin professoru Masamitsu İtonun çıxışı da maraqla qarşılanıb. Yaponiyalı mütəxəssis “Məşqçinin öyrənən şəxs kimi inkişafı” mövzusunda təqdimatla çıxış edib. Məruzədə məşqçilərin davamlı peşəkar inkişafı, müasir təlim yanaşmaları və Yaponiya təcrübəsinin bu sahədə tətbiqi məsələləri diqqətə çatdırılıb.

Konfrans çərçivəsində idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi, idmanda kütləviliyin və sağlam həyat tərzinin təşviqi, idman təhsilinin inkişafı, məşq prosesinin elmi əsaslarla təşkili, zədələrin profilaktikası və reabilitasiya, eləcə də innovativ texnologiyaların idmanda tətbiqi kimi aktual mövzular ətrafında müzakirələr aparılır.

İki gün davam edəcək konfransın əsas məqsədi idman elmləri sahəsində müasir elmi yanaşmaların, innovativ metodların və beynəlxalq təcrübənin müzakirəsi, eləcə də elmi biliklərin idman praktikasında tətbiqi imkanlarının genişləndirilməsidir.

Belə beynəlxalq elmi platformalar idman mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, elmi potensialın gücləndirilməsi və idman sahəsində müasir yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Həmin kateqoriyadan