Tuyqun Nadirov: Klublar komitəsi “Topaz”dan pul tələb edəcək!

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– İstefa verən Oğuz Çətini Yunis Hüseynovla Mirça Rednikdən birinin əvəzləyəcəyi bildirilir. Buna münasibətinizi bilmək istərdik…
– Ondan başlayaq ki, Oğuz Çətin hələ rəsmi olaraq, klubumuzun baş məşqçisidir. Bu yaxınlarda iclas keçirdik. Həmin toplantıda türkiyəli mütəxəssis istefa ərizəsini bizə təqdim etdi.

– O, bu istefasını nə ilə izah etdi?
– Klub rəhbərliyi tərəfindən hər cür şərait yaradılmışdı. İstədiyi transferləri həyata keçirdi, yüksək səviyyədə təlim-məşq toplanışı baş tutdu, amma bunun müqabilində komanda mövsümün ilk yarısını “Xəzər Lənkəran”ın adına layiq yerdə başa vurmadı. Yəqin ki, öz işinin perspektivini görmədiyi üçün belə addım atdı. Amma hələ klub prezidenti yekun qərar qəbul etməyib. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.

– Bəlkə, başqa klublardan təklif alıb?
– O, müqaviləsi bitənə kimi bizdə çalışa bilər. Amma qəti şəkildə vəzifəsindən getmək istəsə, o zaman ona əvəzləyici axtarmaq məcburiyyətində qalacağıq.

– Bəs onu kim əvəz edə bilər?
– Düzünü deyim ki, biz heç kimlə maraqlanmamışıq. İndiki zamanda belə bir aqibətlə üzləşəcəyimizi gözləmirdik. Çətin yaxşı mütəxəssisdir, ona hörmətimiz var. Çalışqan idi və “Xəzər Lənkəran” üçün əlindən gələni edirdi.

Bəs nəticələrinizin pis olmasının səbəbi nədir?
– O, konkret bildirdi ki, yayda komandaya gətirdiyi futbolçular ümidlərini doğrultmayıblar. Bu, həm yerli, həm də əcnəbi futbolçulara aiddir.

– Klubun strategiyasını dəyişəcəyi barədə xəbərlər nə dərəcədə doğrudur? Təcrübəli və legioner futbolçuların göndəriləcəyi, gəncləşdirmə siyasəti aparılacağı bildirilir…
– Biz legionerlərdən imtina etməyə hazırlaşmırıq. Heyəti komandanın sükanı arxasında olan baş məşqçi formalaşdıracaq.

– Yunis Hüseynovun Çətini əvəzləməsi mümkündür?
– Hüseynov klubun idman direktorudur. O, öz işinin öhdəsindən layiqincə gəlir. Öz işləri var. Rəhbərlik onu baş məşqçi təyin etməyə hazırlaşmır. Bunlar real deyil. Yunis Hüseynov Çətini əvəzləməyəcək.

– Klublar komitəsinin ötən gün baş tutan son iclası necə keçdi?
– Bir çox məsələ müzakirə edildi. Sizə deyə biləcəyim məsələləri də müzakirə etdik, hələlik, gizli saxlamaq məcburiyyətində qaldığım məsələlər də. Qəbul etdiyimiz ilk qərar “Bakı”nın futbolçularına mövsümün sonunadək toxunmamaq oldu.

– Necə?
– Əgər futbolçu iki ay klubdan pulunu ala bilməsə, o, müqaviləni ləğv edib, azad agent statusu ala və istənilən komandaya keçə bilər. Biz isə “Bakı”nı dəstəkləməyə qərar verdik. Qərar qəbul olundu ki, bu komandanın oyunçularına toxunmayaq. Klubun yetirmələrinə görə kompensasiya ödənilməsi də müzakirə olundu. Bu, ciddi problemdir və hər klubun marağındadır. Qərara aldıq ki, növbəti iclasda bu məsələni daha dərindən analiz edək.

– Klublar komitəsi artıq hakimlərə təzyiq etməyə başlayıb?
– Mən belə deməzdim. Bu mövsüm Premyer Liqa klublarının əksəri hakimlikdən narazılıq edib. Amma hakimlərə təzyiq göstərə bilmərik. Bizim sadəcə, hakimlər komitəsinə müraciət etməyimiz mümkündür. Onlardan xahiş edəcəyik ki, öz işlərinə daha məsuliyyətli yanaşsınlar. Klublar da hakimliyin daha yaxşı olmasını istəyirlər. Bizdə hakimlər oyunun tempinə çatdıra bilmirsə, tez-tez fit çalmağa başlayır. Biz də istəyirik, hakimlər elə oyun idarə etsinlər ki, məşqçilər oyundan sonra məğlubiyyətə görə onları günahlandırmasınlar.

– Bəs hakimliklə bağlı heç nə dəyişməsə, nə olacaq?
– Belə olan halda komitə üzvləri AFFA İcraiyyə Komitəsinə hakimlər komitəsinin sədrinin dəyişdirilməsi barədə müraciət ünvanlaya bilər. Amma hələ belə bir məsələ gündəmdə deyil. Ümid edirəm ki, məsələ ona qədər uzanmaz. Topaz Premyer Liqasının rəsmi sponsoru “Topaz”la da bağlı müzakirələr apardıq. Çempionatımızın adı bu şirkətlə yanaşı çəkilir, onlar da buna görə PFL-ə pul ödəyirlər. Bəs klublar buna görə nə qazanır? Artıq “Topaz” nümayəndəsi ilə danışmışıq və növbəti toplantımızda onlar da iştirak edəcəklər. Danışacağıq. Bizim də öz təkliflərimiz olacaq.

Həmin kateqoriyadan