Klublara lisenziya verildi

Bu gün AFFA-nın lisenziya komissiyasının iclası keçirilib.

Allsport.az xəbər verir ki, toplantıda 2024/2025-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan premyer liqasında və AFFA yüksək qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın lisenziya komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

2. UEFA-nın qadınlar arasında çempionlar liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.

3. Premyer liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK.

4. AFFA yüksək qızlar liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qəbələ” İK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın lisenziyalaşdırma üzrə apellyasiya komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd 1: Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə aşağıda göstərilən lisenziyaları almış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:

• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan premyer liqası və I liqa yarışlarında iştirak etməyə görə lisenziya almış hesab olunurlar.

• Premyer liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsümdə I liqa yarışlarında iştirak etməyə görə lisenziya almış hesab olunurlar.

• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA yüksək qızlar liqa yarışlarında iştirak etməyə görə lisenziya almış hesab olunurlar.

Qeyd 2: Cari mövsüm I liqa və II liqa yarışlarında, həmçinin AFFA yüksək qızlar Liqasında iştirak edən və ərizə ilə müraciət edən digər klubların ərizələrinə 27 may 2024-cü il tarixində baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Həmin kateqoriyadan